Yeni qaydalarla, yeni kubok
25.10.2010 - 15:41
Yeni qaydalarla, yeni kubok
Sabah Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümü turnirdə yeniliklə başlayacaq.

AFFA-nın İcraiyyə Komitəsinin çıxardığı qərarla 1/4 finala qədər qalib bir oyunla müəyyənləşəcək. Bu da cavab görüşlərinin formallığından uzaq olmasına, oyunların gərgin mübarizə şəraitində keçməsinə hesablanıb.

Kubokda mübarizə I divizion təmsilçiləri və Unibank Premyer Liqasının debütantları – “Gəncə” və MOİK-in iştirakı ilə başlayır. Ötən mövsüm I divizionda oynayan bu komandalar müvafiq olaraq ilk II yeri tutaraq, güclülər dəstəsinə vəsiqə qazanıb. Yeri gəlmişkən, aşağı liqanın təmsilçilərindən 4-ü – Bakının “Ədliyyə”, Sumqayıtın eyni adlı, Mingəçevirin “Energetik” və Qazaxın “Göyəzən” klubu kuboka qatılmaqdan imtina edib.

Premyer Liqa təmsilçilərinin ilk mərhələdə işi heç də asan olmayacaq. Bu mənada xüsusilə MOİK-i qeyd etməliyik. Autsayderlər sırasında olan “hərbçilər”i I divizionun aşkar lideri “Abşeron”la səfərdə çətin gözləyir. Çünki Premyer Liqaya iddialı olan Mirbağır İsayevin yetirmələri keçirdikləri 7 oyunda yüz faizli nəticə göstərib. Bu cütdə “Abşeron”un qalib gəldiyini görsək, təəccüblənməyə dəyməz. Komandanın cari mövsümdə ilk ciddi sınağı də məhz daha çox irəliləməyə iddia etdiyi kubokda olacaq.

“Gəncə” isə Bakıda “Neftçi”dən aldığı ağır məğlubiyyətdən (2:6) sonra bu dəfə Qusara səfərə çıxır. Güclülər dəstəsinə qayıtmağa çalışan, liderlər qrupunda yer alan “Şahdağ” evdə inamlı təsir bağışlayır. Gəncəlilər isə paytaxtdakı nəticədən sonra qısa müddətdə psixoloji hazırlığı qaydasına salıb, kuboka köklənməlidir. Çünki evdə cavab oyunu olmayacaq və mərhələ keçmək vəzifəsini səfərdə həll etməlidir. Üstəlik, “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov üçün yaxşı tanışdır. Axı təcrübəli çalışdırıcı “Gəncə” 2006-cı ildə dağılandan sonra I divizionda Qusar “Şahdağ”ının baş məşqçisi olub.

Qeyd edək ki, bütün oyunlar eyni vaxtda – saat 14:00-da başlayacaq. “Gəncə” ilə MOİK-in ötən həftəsonu Premyer Liqada oyunları olduğundan, kubok matçları bir gün sonraya salınıb.

Azərbaycan kuboku, 1/16 final mərhələsi

26 oktyabr

"Karvan" – “MKT-Araz"

Hakimlər: Azad Mütəllimov, Hüseyn İmanov, Rasim Əhmədov, İlqar Zeynalov
Yevlax. Şəhər stadionu

"Bakılı" - "Neftçi" İSM
Hakimlər: Alik Yunusov, Hüseyn Əsgərov, Ruslan Nəsibov, Elxan Müslümov
Bakı. “Şəfa" stadionu, 4-cü meydança

"Anşad Petrol" - "Şuşa"
Hakimlər: Orxan Məmmədov, Azad Ə.Hüseynov, Akif Adıgözəlov, Elgün Hüseynov
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu

"Şəmkir" - "Rəvan"
Hakimlər: Hacıəli Ağayev, Habil Əliyev, Samir Hacıyev, Əli Əliyev
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu

27 oktyabr

"Şahdağ" - "Gəncə"

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Etibar Həsənov
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu

"Abşeron" - MOİK
Hakimlər: Feyzulla Feyzullayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Bakı. "Şəfa" stadionu