“AZAL-la oyunda baş verənlər təsadüfdür“
26.10.2010 - 08:25
“AZAL-la oyunda baş verənlər təsadüfdür“
Bakının “İnter” komandasının futbolçusu Dmitri Kramarenko klubunun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı qapıçı Unibank Premyer Liqasının X turunun “Bakı” ilə qarşılaşması haqda təəssüratlarını bölüşüb.

- Dmitri, qarşılaşma haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz...
- Çox çətin, gərgin oyun oldu. Uşaqlar çox çalışdılar və layiqli qələbə qazandılar. AZAL ilə böyük hesablı məğlubiyyətdən sonra qalib gəlməyi və azarkeşlərin gözündə bəraət qazanmağı çox istəyirdik.

- Belə çıxır ki, AZAL ilə uğursuz oyun nədəsə kömək oldu? Daha yaxşı köklənməyə kömək etdi?
- Belə deməzdim. Biz hər bir oyuna son döyüş kimi maksimum dərəcədə köklənirik. AZAL ilə oyunda baş verənlər - daha çox təsadüfdür, nəinki qanunauyğunluq. “Bakı” komandasıyla qarşılaşmada da biz bunu sübut etmək üçün əlimizdən gələni etdik.

- Bu qələbə “İnter”i üçüncü yerə çıxardı...
- Bəli, bu yaxşıdır. İrəliyə doğru addımlayacağıq, daha yüksəyə qalxmağa nail olacağımıza ümid edirəm.

- Birinci hissədə zədə aldınız, amma oyunu davam etdirməyi bacardınız. Həmin epizodda nə baş verdi?
- Çıxışda oynayan zaman baldırla pəncəni birləşdirən hissədə zədə aldım. Ağrı hiss etdim, amma oyunu davam etdirməyi bacardım.