Jaja Türkiyə yığmasına “hə” dedi
26.10.2010 - 12:54
Jaja Türkiyə yığmasına “hə” dedi
“Trabzonspor”un braziliyalı hücumçusu Cekson Avelino Koelo (Jaja) Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin təklifini müsbət qarşılayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssisin komandada görmək istədiyi 24 yaşlı Jaja “ay-ulduzlu” formanı sevərək, geyinmək istədiyini açıqlayıb.

Hiddinkin “Trabzonspor” – “Gənclərbirliyi” görüşünü izlədikdən sonra oyununa heyran olduğu sambaçını Türkiyə yığmasına dəvət etmək üçün onun milliləşdirilməsini istəmişdi. Baş məşqçinin sözlərindən 2 gün sonra Jajadan razılıq alındığından artıq bu işin rəsmiləşməsinə start verilib və bu məsələnin yaxın günlərdə həll ediləcəyi gözlənilir.

Mehmet Aureliodan sonra qonşu ölkənin milli komandasında çıxış etməyə yaxın olan Jaja bildirib ki, Türkiyə yığmasının heyətində öz sözünü demək istəyir: “Braziliya milli komandasının şərəfini qorumağı arzulayırdım. Amma artıq yaş da öz işini görür. Beynəlxalq arenada ad qoymaq istəyirəm. Hiddinkin məni bəyənməsi çox qürurvericidir və mən sevə-sevə burada oynamaq istəyirəm. Türkiyə futbol dünyasında əhəmiyyətli bir markadır. Dünya və Avropa çempionatlarında onlara uğurlar arzulayıram. İstəyirəm ki, gələcəkdə mən də onların bir parçası olum”.

Qeyd edək ki, Avro-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Türkiyə milli komandası Jajanı milliləşdirərsə, 2011-ci il oktyabrın 11-də həmyerlilərimizlə oyunda meydanda görə biləcəyik.