“Neftçi” AFFA-nın qərarına qarşı çıxır
26.10.2010 - 15:10
“Neftçi” AFFA-nın qərarına qarşı çıxır
“Gəncə” ilə oyunda hakimi təhqir etməmişəm. Allaha and olsun ki, düzünü deyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev deyib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərara əsasən Musayev Unibank Premyer Liqasının son turunda “Gəncə” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb və paytaxt klubu 5 min manat cərimələnib.

Qərar haqda məlumatlı olan Musayevin hakimi təhqir etməsi ilə bağlı deyilənləri əsassız sayır: “Oyunun ilk hissəsində müəyyən epizodlar zamanı ayağa durub, otururdum. 4-cü hakim mənə bununla bağlı iradını bildirdi. Oyun epizodlarını ehtiyat skamyadan izlədiyin zaman istər-istəməz oturub-durursan. Bu, bütün dünya futbolunda belədir. Qaydaya görə, bir nəfər ayaq üstə oyunu izləyə bilər ki, bu da məşqçidir. Mən texniki zonada gəzmirdim ki, qaydanı pozam. Fasiləyə getdiyimiz zaman baş hakim Elçin Məmmədov mənə dedi ki, bir də ayaq üstə dursan, səni tribunaya göndərəcəyəm. Görünür, 4-cü hakim ona bu haqda bildirmişdi. Mən də baş hakimə artıq söz demədim. Sonradan görürəm ki, məni ikinci hissədə tribunaya göndərir. Başqa söhbət olmayıb. Ona sözüm olsaydı, elə yerində cavabını verərdim. Ancaq artıq hərəkət etmək fikrim də olmayıb”.

Musayev qərarın üstünə düşüb, axıra kimi getmək niyyətindədir: “Qərar yenicə çıxarılıb, indi klubumuz bununla bağlı Apelyasiya Komitəsinə rəsmi müraciət hazırlayır. Apelyasiya şikayəti edəcəyəm. Qərara yenidən baxılmasını istəyirəm. Hərəkətimə görə nə düşür, o da verilsin. Yoxsa etmədiyim şeyə görə ağır cəzalanmağımı düzgün saymıram”.