Azərbaycan çempionatında ilk dəfə: Ata, məni də apar!
29.10.2010 - 12:32
Azərbaycan çempionatında ilk dəfə: Ata, məni də apar!
Unibank Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “İnter” - “Simurq” görüşü diqqət mərkəzində olacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşma nəticəsindən daha çox digər maraqlı məqamlarla diqqət çəkəcək.

Əvvəla onu deyək ki, bir-biri ilə yaxın olan klubların görüşü ilk dəfə Roman Pokorasız keçəcək. “Simurq”un güclülər dəstəsində ilk baş məşqçisi kimi tarixə düşən ukraynalı mütəxəssis ötən mövsüm bitən kimi vəzifəsindən kənarlaşdırıldı. “Simurq“ “İnter”in qarşısına həmişə Pokora ilə çıxdığı halda, rəqib düşərgədə vəziyyət fərqli olub. Düzdür, “bankirlər” də elə çox yox, cəmi 2 mütəxəssisə güvənib: Əvvəl ukraynalı Valentin Xodukin, indi isə gürcüstanlı Kaxaber Sxadadze. Aralarında 10 yaş fərq olan Xodukinlə Pokora həm eyni şəhərdən – Lvovdan, həm də yaxın dostdurlar. Pokoralı “Simurq” “İnter”lə 10 oyundan cəmi 1-də qalib gəlib. O da ölkə kubokunda olub və “Simurq”un 2:1 hesablı qələbəsi mərhələ keçmək üçün yetərli olmadığından, bu, təsəlli xarakterli nəticə idi.

Daim qol vurulan “Simurq” – “İnter” duelində bu dəfə qüvvələr nisbəti çox fərqlidir. Çünki kursunu dəyişən Zaqatala təmsilçisi cari mövsümdə heyətini gənc, təcrübəsiz futbolçulardan qurub və daha mükafatlar uğrunda mübarizə aparmır. Autsayderlər sırasında yer alan “Simurq” tarixinin ən zəif mövsümünü keçirir və ilk qələbəsini yalnız ötən turda MOİK üzərində qazanıb – 2:1.

Yeri gəlmişkən, “Şəfa” stadionunda keçirilən həmin görüşdə penalti zərbəsindən qələbə topunun müəllifi olan Baçana Sxadadze üçün “İnter”lə oyun xüsusi əhəmiyyət kəsb edir. Axı cari mövsümdə ilk qolun müəllifi olan 23 yaşlı Baçana müqavilə ilə məxsus olduğu komandaya qarşı oynayacaq. Ən əsası, rəqibin baş məşqçisi onun atasıdır. Kaxaber Sxadadze əvvəl ölkəmizdə çalışdığı Bakının “Standard” klubunda olduğu kimi, oğlunu yanına gətirdi. Ancaq “İnter”də hücum xəttində rəqabət böyük olduğundan, onun oyun praktikası qazanmaq üçün icarəyə verilməsi daha məqsədəuyğun sayıldı. Bu mənada cari mövsümdən “Simurq”un baş məşqçisi olan Qyoko Hacıyevski “İnter”lə keçirdiyi yoxlama oyununda bəyəndiyi Baçananı istəməsi lap yerinə düşdü. Hər halda, oğul Sxadadze komandasının cari mövsümdə bombardir olmaqla, makedoniyalı çalışdırıcısının ümidlərini doğruldur. Karyerasını güclü klubda davam etdirmək istəyən Baçana artıq qış fasiləsində “İnter”ə qayıtmaq fikrindədir. Bu mənada atasının komandasına qol vurmaqla, diqqət mərkəzinə düşəcək.

Digər maraqlı fakt odur ki, 18 illik milli çempionatımızda heç vaxt əcnəbi ata-oğul qarşıdurması olmayıb. Yəni, Azərbaycana gələn məşqçilərdən hansısa oğlunu bura gətirməyib. Ancaq özümüzünkülər arasında ata ilə oğlunun rəqib olması yetərincə baş verib. Əslində, “Simurq” “İnter”dən təkcə Baçana yox, litvalı müdafiəçi Paulius Paknislə yarımmüdafiəçi Tofiq Mikayılovu da icarəyə götürsə də, Sxadadze daha yaxşı özünü göstərir.

“İnter”lə “Simurq”un həmişə baş məşqçiləri əcnəbilər olub. Ata Sxadadze ilə Hacıyevski bu dəfə fərqli komandalarda görüşəcək. Belə ki, onların əvvəlki iki qarşıdurması “Bakı” ilə “Standard”ın oyunlarında olub. 55 yaşlı Hacıyevski “Bakı”nın çalışdırıcısı kimi Sxadadze ilə ilk görüşündə 0:1 hesabı ilə yenilib. Ancaq ikinci matçda makedoniyalı “Standard”ın çalışdırıcısına 2:0 hesabı ilə qalib gəldi. Maraqlıdır ki, Hacıyevski “Bakı”dan məhz “Standard”la evdə 0:0 hesablı bərabərlikdən sonra getdi. Ancaq ötən mövsümün əvvəlindəki həmin oyun zamanı 42 yaşlı Sxadadze artıq “İnter”in baş məşqçisi idi. “Bankirlər” “Bakı” ilə görüşən zamanı Hacıyevskini türkiyəli Bülənt Korkmaz əvəzləmişdi.

Qeyd edək ki, Hacıyevski ilə Sxadadze futbol tariximizə düşən üç əcnəbi baş məşqçidən ikisidir. Məsələ ondadır ki, onlar iki müxtəlif klubumuzu çalışdırmış mütəxəssislərdəndir. İlk belə əcnəbi mütəxəssis Rasim Kara olub. Türkiyəli “Xəzər Lənkəran” (özü də iki dəfə) və “Qarabağ”ın baş məşqçisi olub. Son ölkə çempionlarımız da məhz Hacıyevski ilə Sxadadzedir. Makedoniyalının 2008/09 mövsümündə çempion etdiyi “Bakı” ötən mövsüm yalnız “İnter”dən geri qalaraq, gümüş medalçı oldu.

“Simurq” və “İnter” klubları arasında oyunlar

2006/07 mövsümü

“İnter” – “Simurq” – 2:0
“Simurq” – “İnter” – 1:2

2007/08 mövsümü
“İnter” – “Simurq” – 2:0
“Simurq” – “İnter” – 3:4

2008/09 mövsümü
“Simurq” – “İnter” – 0:2
“İnter” – “Simurq” – 2:1

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“İnter” – “Simurq” – 2:0
“Simurq” – “İnter” – 2:1

2009/10 mövsümü
“Simurq” – “İnter” – 1:1
“İnter” – “Simurq” – 2:1