Qyoko Hacıyevski: Mən onları yaxşı başa düşürəm
03.11.2010 - 15:35
Qyoko Hacıyevski: Mən onları yaxşı başa düşürəm
“AZAL-la oyunumuzun hansı səbəbdən “Şəfa”da keçiriləcəyini izah edə bilmərəm. Bu barədə qərarı klub rəhbərliyi verir. Bunu onlardan soruşun”. Bunu apasport.az saytına açıqlamasında “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Şənbə günü Unibank Premyer Liqasının XII turunda AZAL-la qarşılaşacaq Zaqatala təmsilçisi oyuna hazırlığını paytaxtda həyata keçirir. “Simurq” rəqibini onun meydanında qəbul etməklə, azarkeş dəstəyindən məhrum qalacaq. Hacıyevski bununla işlərinin daha çətinləşdiyini etiraf edib: “AZAL-la oyun çətin olacaq. Bizim azarkeş dəstəyinə ciddi ehtiyacımız var idi. O dəstək bizə çox kömək ola bilərdi. Hər halda, biz yenə 3 xal üçün çalışacağıq”.

“İnter”lə oyundan əvvəl komandadan kənarlaşdırılan futbolçuların hərəkətləri barədə də danışan Hacıyevski bu məsələni görüşdən əvvəl yoluna qoymağın mümkünlüyünü qeyd edib: “Paulius Paknis, Baçana Sxadadze və Tofiq Mikayılovun hərəkətlərini bəyənmədim. Onların müqaviləsində belə şərt yox idi ki, “İnter”ə qarşı oynamayacaqlar. Əgər oynamaq istəmirdilərsə, gərək klub rəhbərliyi ilə görüşüb söhbət edərdilər. Mən onları yaxşı başa düşürəm, ancaq peşəkar futbolçu kimi hərəkət edəydilər. Zaqatalaya yollananda Paknis və Sxadadze bizimlə getmədilər. Paulius mənə zəng vurub, oynaya bilməyəcəyini dedi. Məşqdə Sxadadzeyə yaxınlaşıb, ona vəziyyətini anladığımı və bunu klub rəhbərliyi ilə danışıb yoluna qoymağın lazım olduğunu dedim. Mikayılov isə bizimlə Zaqatalaya yollansa da, oyun günü mehmanxanada qaldı”.

Onsuz da təcrübəli futbolçular baxımından korluq çəkən “Simurq” üçün futbolçu itirmək yaxşı hal deyil. Makedoniyalı çalışdırıcı bunu qəbul etsə də, sonda rəhbərliyin haqlı olduğunu bildirib: “Mən onların getməsini istəmirdim. Bizim onsuz da oyunçu problemimiz var. Amma qərarı rəhbərlik verir. Düşünürəm ki, bu, düzgün qərardır”.