“Xəzər Lənkəran” Kamran Ağayevə kömək etməlidir”
03.11.2010 - 17:02
“Xəzər Lənkəran” Kamran Ağayevə kömək etməlidir”
“Kamran Ağayevin xaricdə oynamasının əsl vaxtıdır. İndi başqa ölkəyə getsə, futbolçu kimi həddindən artıq udacaq. Ancaq Kamran burda qalsa, çox itirəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssisin hələ 2006-cı ildə cənub təmsilçisinə gəldiyi ilk vaxtda transfer etdiyi Kamran Ağayevin bu səviyyəyə çatmasında böyük əməyi var. Hazırda həm yığmamızın, həm də “Xəzər Lənkəran”ın əsas qapıçısı olan Kamran klubunda kapitan sarğısını daşıyır. Mircavadov 24 yaşlı qapıçını ölkədən kənarda oynamasının reallaşmasını istəyir: “Deyərdim ki, klub rəhbərliyi bu işdə ona kömək etməlidir. Kamranın yığmada komanda yoldaşı olan Rəşad Sadıqov götürək. Həmişə ona deyirdim ki, burda oynama. Çünki Rəşada başqa çempionat, hakimlər, azarkeşlər lazımdır. Yəni müəyyən səviyyəyə çatandan sonra mütləq ab-havanı dəyişmək, fərqli məkanda oynamaq lazımdır. Bu mənada güclü çempionat futbolçularımızın işinə yarayır. Rəşad yenidən Türkiyədə gedib, “Əskişəhərspor”da yaxşı da oynayır. Biri var 500, biri də 20 min azarkeşin qarşısında oynamaq. Axı bunlar arasında fərq böyükdür”.

Türkiyə yığması üzərində Bakıda qələbə qazandığımız oyundan sonra özünə diqqəti artıran Ağayevin adı “Beşiktaş” ətrafında hallanmağa başladı. Ancaq təcrübəli mütəxəssis konkret bu variantı dəyərləndirmədi: “Mən bunu görməmişəm. Niyə sizə yalan deyim ki? Kamranın 1-2 çatışmayan cəhəti var və bunu özü də bilir. Onları aradan qaldırmalıdır. Ağayev hələ bizim vaxtımızda bu yöndə çalışırdı. Ona daha güclü klub lazımdır ki, həm futbolçu kimi artsın, həm də insan kimi daha təkmilləşsin. Kamran əsas çatışmazlığı çıxışla bağlıdır. Qapıçı üçün bu vacib cəhətdir. Bunu dünya futbolu da göstərir. Ümumiyyətlə, qapıçılarımız çıxışda zəif təsir bağışlayırlar. Onlar bu problemi aradan qaldırmağa diqqət yetirməlidirlər”.

Mehman SÜLEYMANOV