“Xəzər Lənkəran”: Yaxşı ki, Kovaçeviç yoxdur
02.12.2010 - 12:38
“Xəzər Lənkəran”: Yaxşı ki, Kovaçeviç yoxdur
“Xəzər Lənkəran”ın Unibank Premyer Liqasının növbəti turunda rəqibi olacaq “Turan” klubu tarixində xüsusi yer tutur. Apasport.az saytının məlumatına görə, 2004-cü ilin yayında yaradılan cənub təmsilçisi ilk rəsmi matçını məhz tovuzlulara qarşı keçirib.

“Ağ-yaşıllar” 6 ildən sonra yenə bu rəqiblə səfər oyununa çıxacaq. Sadəcə, fərq ondadır ki, komandalar həmin vaxt olduğu kimi, Qazaxda yox, Tovuzda görüşəcəklər. 2004-cü ilin avqustun 7-də keçirilən ilk qarşılaşma zamanı “Turan” stadionunda yenidənqurma işləri getdiyindən, müvəqqəti olaraq rəqiblərini qonşu rayonda qəbul edirdi. “Xəzər Lənkəran”ın ilk qolunu həmin vaxt albaniyalı hücumçusu Çöri İlir vursa da, üstünlüyünü qoruya bilməyərək, debütdə qələbəni əldən verdi.

“Turan” bundan sonra lənkəranlılarla bütün ev oyunlarını doğma stadionunda keçirib. “Xəzər Lənkəran” ikinci səfəri zamanı ümumiyyətlə, xalsız qaldı. Tovuzlular həmin vaxt serbiyalı hücumçusu Aleksandr Kovaçeviçin vurduğu yeganə qolla qalib gəlmişdi. Bu, “Turan”ın rəqibi üzərində yeganə qələbəsidir və ondan sonra komanda evdə bir qayda olaraq uduzur.

Tovuzlular dekabrın 4-də meydana 1819 günlük xal həsrətinə son qoymaq üçün çıxacaq. Həmin gün tarixlərində 14-cü dəfə çıxacaq komandalar ölkə kubokunda görüşməyiblər. Oyunların balansına nəzər salsaq, “Xəzər Lənkəran”ın aşkar üstünlüyü diqqət çəkir. Belə ki, lənkəranlılar arxada qalan 13 oyunun 9-da qalib gəlib, 3-də heç-heçə edib, 1-də uduzub (topların fərqi 21-8). Onlar qələbələrindən 5-i minimal fərqlə, 2-ni böyük, 2-si isə 2:0 hesabla qazanıb.

“Turan” və “Xəzər Lənkəran” klubları arasında keçirilən oyunlar

2004/05 mövsümü
I tur
7 avqust
Turan” – “Xəzər Lənkəran” – 1:1

XVIII tur
6 aprel
“Xəzər Lənkəran” – “Turan” – 1:0

2005/06 mövsümü
XII tur
11 dekabr
“Turan” – “Xəzər Lənkəran” – 1:0

XXV tur
14 may
“Xəzər Lənkəran” – “Turan” – 1:0

2006/07 mövsümü
VI tur
23 sentyabr
“Xəzər Lənkəran” – “Turan” - 0:0

XIX tur
12 may
“Turan” – “Xəzər Lənkəran” – 2:3

2007/08 mövsümü
V tur
16 sentyabr
“Xəzər Lənkəran” – “Turan” – 2:0

XVIII tur
27 aprel
“Turan” – “Xəzər Lənkəran” – 0:4

2008/09 mövsümü
II tur
13 sentyabr
“Xəzər Lənkəran” – “Turan” – 5:0

XV tur
21 fevral
“Turan” – “Xəzər Lənkəran” – 0:1

2009/10 mövsümü
IV tur
12 sentyabr
“Xəzər Lənkəran” – “Turan” – 1:1

XV tur
13 dekabr
“Turan” – “Xəzər Lənkəran” – 1:2

2010/11 mövsümü
X tur
23 oktyabr
“Xəzər Lənkəran” – “Turan” – 2:0

Mehman SÜLEYMANOV