Mahir Şükürov mövsümün “Ən böyük üzüntüləri” sırasında
02.12.2010 - 17:43
Mahir Şükürov mövsümün “Ən böyük üzüntüləri” sırasında
Rusiya Premyer Liqasının başa çatan mövsümünün yekunları açıqlanıb. Apasport.az saytının məlumatına görə, rus həmkarlarımız müxtəlif nominasiyalarda müsbət və mənfi tərəfdən fərqlənənlərin siyahısını tərtib ediblər.

Onlar arasında Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov da yer alıb. Təəssüf ki, Mahaçqalanın “Anji” klubunun 28 yaşlı yarımmüdafiəçisi antiqəhrəmanlar arasındadır. Nüfuzlu euro-football.ru portalı Mahiri mövsümün “Ən böyük üzüntüləri” nominasiyasının fərqlənənləri sırasına daxil edib.

Həmkarlarımız onun 16 nəfərlik uğursuz futbolçular siyahısında olmasını belə əsaslandırıblar: “Şükürovun əvvəllər də Azərbaycan futbolçuları ilə maraqlanan Rusiya klublarından birinə keçidi bu iki ölkə yığmalarının ötən ilki qarşılaşmasından sonra qaçılmaz oldu. Mahir həmin görüşdə özünü əla göstərdi. Bundan sonra futbolçuya namizəd olan klubların sayı 7-yə çatdı. Onlar arasında da “Dinamo” kimi iddialı komanda da var idi. Ancaq futbolçu “Anji”yə keçdi. Onun burada bu ilki futbol həyatını çətin ki, uğurlu adlandırmaq olar. Bəli, futbolçu 20 matçda oynadı, 3 məhsuldar ötürmə ilə fərqləndi. Ancaq mövsümün sonunda ehtiyatda oturdu və onun nə vaxt isə mahaçqalalıların heyətində yer alması məlum deyil. Hacı Hacıyev Mahirin qeyri-sabit futbolçu olmasından gileylənir. Müdafiəçinin özü isə məşqçilərin ona qarşı inamsızlığını azərbaycanlı jurnalistlərlə ünsiyyəti ilə əlaqələndirir. Hər şey gedib ona çıxır ki, oyunçu komandasını dəyişməli olacaq. Ancaq indi bu futbolçu üçün növbəyə dayananlar müşahidə olunmur”.