“Bəli, mən futbolu yox, alveri daha yaxşı bilirəm”
03.12.2010 - 18:37
“Bəli, mən futbolu yox, alveri daha yaxşı bilirəm”
“Mən hakimlərlə bağlı narazılığımı bildirəndə, bütün komandalarla yox, konkret AZAL-la görüşlərimizi nəzərdə tutmuşam. Bu da əsassız deyil. İlk dövrədə “Şəfa” stadionunda 0:1 hesabı ilə uduzduğumuz matçda təmiz qolumuzu saymadılar. AFFA-nın həmin hakimi cəzalandırması haqlı olduğumu göstərdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Hakimlərin klublara kömək etməsindən gileylənən Süleymanov ötən tur rəqibləri olan AZAL-ı nəzərdə tutur: “Yüksək yerlərdə olan klublar arasında “Neftçi”, “İnter” var, məgər onların adlarını çəkmişəm? “İnter”ə hər iki oyunda 0:3 hesabı ilə uduzduq, səsim çıxmadı. AZAL-la oyunda hakim əleyhimizə qərarlar çıxardığından, narazılığımı bildirdim. Rəqib hakimin köməyi sayəsində qalib gəldi. Hakimin bu dəfə cəzalandırılmamağı fikirlərimin səhv olduğu demək deyil. AZAL-ın prezidenti Vaqif Qasımov ağıllı, güclü insandır, fikir söyləyə bilər. O da tovuzludur. Bizi tənqid etmək əvəzinə, “Turan”a avtobus almaqda kömək etsə yaxşıdır. Klubu tək mən saxlamalı deyiləm ki? Bütün tovuzlular öz köməyini göstərməlidir”.

Qasımov saytımıza açıqlamasında Süleymanovun şəxsi biznesi olduğundan, alveri daha yaxşı bildiyini söyləyib. “Turan”ın prezidenti də bununla razılaşıb: “Bəli, mən futbolu yox, alveri yaxşı bacarıram. Bu, qəbahət deyil ki? Demirəm ki, böyük futbolçu olmuşam, Pele, Bekkenbauerəm. Futbolçulara taktika öyrətmirəm ki... Sadəcə, bəzi oyunlarda futbolçuların əvəzlənməsi ilə bağlı öz fikrimi bildirirəm. Mən buna müdaxilə deməzdim. Ola bilər ki, fikirlərim birmənalı qəbul olunmur. Əgər kimsə klubu daha yaxşı idarə edə bilərsə, kənara çəkilməyə hazıram”.