“Hamı böyük həvəslə “Xəzər Lənkəran”la oyunu gözləyir” - MÜSAHİBƏ
04.12.2010 - 01:56
“Hamı böyük həvəslə “Xəzər Lənkəran”la oyunu gözləyir” - MÜSAHİBƏ
“Turan” klubunun kapitanı Vurğun Hüseynovun müsahibəsi

- Artıq iki oyundur “Turan” meydanı məğlub tərk edir. Növbəti rəqib çempionluğa əsas namizədlərdən olan “Xəzər Lənkəran”dır. Komandanın kapitanı kimi bu oyunla bağlı nə deyə bilərsən?
- Hər oyuna olduğu kimi, “Xəzər Lənkəran”la görüşə də ciddi hazırlaşırıq. Məqsədimiz doğma meydanda keçirdiyimiz oyunda rəqibdən xal almaqdır. Bunu etmək üçün meydanda nə lazımdırsa edəcəyik. Şübhəsiz, oyun hər iki komanda üçün çətin olacaq. “Xəzər Lənkəran” xal itirməməyə çalışacaq. Biz isə doğma meydan amilindən yararlanmaq niyyətindəyik.

- Oyun öncəsi komandada əhval-ruhiyyə necədir. Son iki məğlubiyyət futbolçulara necə təsir edib?
- Əlbəttə, heç bir futbolçu, komanda məğlub olmaq istəməz. Ancaq futbolda istənilən nəticə qeydə alına bilir. Məğlubiyyətlərə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Hər bir futbolçu böyük həvəslə “Xəzər Lənkəran”la oyunu gözləyir.

- “Xəzər Lənkəran”ın oyunlarını izləmisinizmi? Baş məşqçiniz Revaz Dzodzuaşvili rəqibin zəif və güclü tərəflərini izah edibmi?
- Bəli, baş məşqçimiz rəqibin oyununu izləyib. Bu gün (söhbət dünən olub) bununla bağlı bizimlə görüş keçirəcək və hər şeyi izah edəcək. Əslində, rəqibi dərindən araşdırmağa ehtiyac yoxdur. Onsuz da oyunlarına baxırıq, nəyə qadir olduqlarını çox yaxşı bilirik. Güclü futbolçulardan təşkil olunub. 90 dəqiqə meydanın hər bir qarışı uğrunda mübarizə aparırlar. Onların əldə etdikləri nəticələr və turnir cədvəlindəki mövqeləri çox şeydən xəbər verir.

- Komandanın “Xəzər Lənkəran”dan xal almaq faizini necə qiymətləndirirsən?
- Faiz olaraq qiymətləndirmək istəməzdim. Onların qələbə qazanmaq qədər bizim də xal almaq ehtimalımız var. Düşünürəm ki, həvəsdən düşmədən mübarizə aparsaq, meydanı xal və ya xallarla tərk edə bilərik. Futbolda bəxt amili də az rol oynamır. Bəxt də bizim tərəfimizdə olsa, “Xəzər Lənkəran”ı büdrədəcəyik.

- Necə düşünürsən, bu oyunda “Turan”ın ən böyük üstünlüyü nə hesab olunmalıdır?
- Məncə, ən böyük üstünlüyümüz heyətimizin gənc futbolçulardan təşkil olunmasıdır. Bu da daha həvəslə, daha səylə oynamağımıza səbəb olur. Dayanmadan, yorulmadan sonacan mübarizə aparırıq. Bundan əlavə, doğma meydan amilini də unutmaq olmaz. Əlbəttə heç bir komanda doğma meydanda, azarkeşləri qarşısında məğlub olmaq istəməz. Biz də çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək.

- Komandada zədəli futbolçu varmı?
- Bəli, Georgi Çediya zədəli olduğu üçün “Xəzər Lənkəran”la oyunu buraxacaq. Ondan əlavə, mənim də oynamağım sual altındadır. Meydançamızın istənilən səviyyədə olmaması futbolçuların zədələnmələrinə səbəb olur. Mən də AZAL-la oyundan sonra keçirilən məşqdə qasıq nahiyəmdən zədələndim. Həkimlər oynayıb-oynamayacağımı bu gün deyəcəklər.

- Sən özünü oynamağa hazır hesab edirsənmi?
- Bir kapitan kimi komandamı bu cür çətin oyunda yalnız qoymaq istəmirəm. Özümü yaxşı hiss etsəm də, hər şey həkimlərin verəcəyi qərardan asılı olacaq. Zədəli-zədəli oynayıb özümü yandırmağım da düz deyil. Oynamaq ehtimalım 50-in 50-yədir.

- Mövsümün əvvəlində “Xəzər Lənkəran”a keçidin gündəmdə idi. Ancaq müxtəlif səbəblərdən transferin reallaşmadı. Yəqin ki həkimlər oynamağına icazə versələr, Cənub klubuna qarşı xüsusi motivasiya ilə mübarizə aparacaqsan...
- Mənim üçün rəqibin kimliyinin elə bir əhəmiyyəti yoxdur. Hər oyunda əzmkarlıq nümayiş etdirirəm. Komandamın uğur qazanması üçün tər tökürəm. Bu oyun da istisna olmayacaq.

- “Xəzər Lənkəran” inamlı müdafiə xətti ilə seçilir. “Turan”ın da hücumçu problemi var. Düşünmürsən ki, bu amil “Turan”a çətinlik yarada bilər?
- Düzdür, “Xəzər Lənkəran” “Qəbələ” və “Neftçi” ilə birgə çempionatın ən az qol buraxan komandasıdır. Həmin 7 qolun 4-nü “Gəncə” ilə oyunda buraxıblar. Əksər görüşlərdə qapılarının toxunulmazlığını qoruyublar. Müdafiədə inamlı təsir bağışlayırlar. Bizdə hücumçu problemi var. Georgi Çediyanın da zədələnməsi vəziyyəti bir qədər çətinləşdirib. Şübhəsiz, bu amil oyunumuza mənfi mənada öz təsirini göstərəcək. Ancaq bu, futboldur. Bəzən sürpriz nəticələr qeydə alınır. Çediyanın yoxluğunda digər futbolçular bu vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Qol vura bilməməyimizdə təcrübəsizliyimizin də rolu az deyil. Hər oyunda bir neçə qol imkanı yaratsaq da, istifadə edə bilmirik.

Mənbə: "Futbol dünyası" qəzeti