NBC Bank Azərbaycan kubokunda əsas mərhələnin startı verilir
06.12.2010 - 13:24
NBC Bank Azərbaycan kubokunda əsas mərhələnin startı verilir
Futbol üzrə NBC Bank Azərbaycan kubokunda mübarizədə növbəti mərhələ başlayır. Apasport.az saytının məlumatına görə, sabah turnirin 1/8 final mərhələsinə bir oyunla start veriləcək. Məlum olduğu kimi, ölkə kubokunda cari mövsümdən edilən yeniliyə əsasən 1/4 final mərhələsinə kimi qalib bir oyunla müəyyənləşəcək.

Premyer Liqa təmsilçilərindən “Gəncə” və MOİK ötən mərhələdə mübarizəyə başladı ki, onların hər ikisi I diviziondan gəldiyindən mövsümün debütantıdırlar. Güclülər dəstəsinin qalan 10 komandası kuboka yeni qatılır və əsas mərhələnin indi start götürdüyünü demək olar. Bu mənada ən maraqlı görüş Gəncədə olacaq.

Vaxtilə milli çempionatda oyunları derbi olan “Gəncə” (əvvəlki “Kəpəz”) ilə “Neftçi” ölkə kubokunun ən çox qalibidirlər – hərəyə 4 dəfə. Ancaq indi onlardan biri istənilən halda, mübarizəni dayandıracaq. “Gəncə” Premyer Liqadan sonra ən böyük hesablı məğlubiyyətini ilk dövrədə elə “Neftçi”dən aldı (2:6). İndi gəncəlilərin “Neftçi”ni kubokdan kənarlaşdırmaqla, bunun əvəzini çıxmaq imkanı yaranıb. Bir ara uğursuzluq zolağına düşən “Gəncə” ardıcıl iki qələbə ilə turnir cədvəlində mövqeyini düzəltdi. Özü də komanda həmin nəticələri qazandığı öz meydanında son 10 gündə ardıcıl 3-cü oyununa çıxacaq.

1/8 final mərhələsi
7 dekabr

13:00. "Qarabağ" - "Turan"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

8 dekabr

13:00. "Gəncə" - "Neftçi"
Gəncə. Şəhər stadionu

13:00. "Qəbələ" - "Neftçi" İSM
Qəbələ. Şəhər stadionu

13:00. "Simurq" - "Abşeron"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

13:00. "Şuşa" - "İnter"
Bakı. "Ədliyyə" stadionu

13:00. "Rəvan" - AZAL
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

14:00. "Bakı" - "Muğan"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

15:00. "Xəzər Lənkəran" – “MKT-Araz"
Lənkəran. Şəhər mərkəzi stadionu