Allan Lalin Emin Quliyevə çatdı
06.12.2010 - 14:13
Allan Lalin Emin Quliyevə çatdı
“Xəzər Lənkəran” klubunun futbolçusu Allan Lalin qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, honduraslı hücumçu Unibank Premyer Liqasında ilk qolunu son turda Tovuzda “Turan”a vurub.

Görüşdə hesabı açan Lalin komandasının heyətində sonuncu qolunu bu ilin yayında vurmuşdu. Belə ki, Avroliqanın I təsnifat mərhələsinin Moldovanın “Olimpiya” klubu ilə iyulun 8-də cavab oyununun 78-ci dəqiqəsində fərqlənərək, hesabı bərabərləşdirmişdi – 1:1. Özü də Allan Lənkəran şəhər stadionunda avrokuboklarda ilk qolun futbolçu kimi tarixə düşdü. Bundan sonra uğursuzluq zolağına düşən legioner cari mövsümdə oynadığı son 13 görüşdə rəqib qapısına yol tapa bilmirdi.

149 gündən sonra yenidən “Xəzər Lənkəran” azarkeşlərini qolla sevindirən Lalin ötən yaydan şərəfini qoruduğu komandasının heyətində 12-ci dəfə fərqləndi. Bununla da honduraslı eyni sayda qol vuran “Xəzər Lənkəran”ın sabiq futbolçusu, kapitanı Emin Quliyevə çatdı. Lənkəran təmsilçisinin tarixində 10-cu bombardirliyə şərik olan Allan legionerlər arasında 5-ci nəticəyə malikdir.

“Xəzər Lənkəran”da ən çox qol vuranlar

1. Zaur Ramazanov – 44 qol
2. Samir Əliyev - 34
3. Mario Souza (Braziliya) - 26
4. İvan Svetkov (Bolqarıstan) - 24
5-7. Rəşad Abdullayev - 18
Vüqar Nadirov - 18
Oktay Dərəlioğlu (Türkiyə) - 18
8. Rahid Əmirquliyev - 17
9. Edmond N’Tiamoa (Fransa) - 13
10-11. Emin Quliyev - 12
Allan Lalin (Honduras) – 12

Mənbə: lankaranfc.com