“Kabralı komandada saxlamağın mənası yox idi”
06.12.2010 - 14:29
“Kabralı komandada saxlamağın mənası yox idi”
“Kristian Kabralı mövsümün sonunadək komandada saxlamağın mənası yox idi. Çünki onun öz planları da ola bilərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov transferə çıxarılan Kabralla qış “transfer pəncərəsi” açılmamış yollarını ayırmağın futbolçunun xeyrinə olduğunu bildirib: “Bildiyiniz kimi, Braziliyada yeni mövsüm yanvarda başlayır. Onun özünə klub tapması üçün indidən komanda axtarması daha məqsədəuyğun olardı. Elə bunu da nəzərə alıb, onu transferə çıxardıq”.

Nadirov komandanın sabiq həkimi Boris Xetaqurovun da fəaliyyətinə son qoyulmasına münasibət bildirib. O, bu vəzifəyə də əcnəbinin gətirilməsi ehtimalını istisna etmir: “Boris Xetaqurov klubumuzda gözəl tibbi infrastruktur, tibbi mərkəz yaradıb. Onun komandadan ayrılması qarşılıqlı razılıq şəklində oldu. Bütün xidmətlərinə görə ona minnətdarlıq edib, gələcək fəaliyyətində uğurlar arzuladıq. Komandada onun işini görəcək tibbi personal var. Onlara hələlik fizioterapevtimiz rəhbərlik edəcək. Sonradan isə komandanın həkimi postuna namizədlər arasında seçim ediləcək. Bu həkimin yerli, yaxud Rumıniya və Türkiyədən olması da mümkündür. Yəqin ki, məsələyə yanvarda aydınlıq gələcək”.