“Oyun öncəsi açıqlamalar futbolçuları qıcıqlandırır” - MÜSAHİBƏ
06.12.2010 - 16:33
“Oyun öncəsi açıqlamalar futbolçuları qıcıqlandırır” - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- AZAL-la görüşdən sonra yaranan qalmaqalla bağlı nə deyə bilərsiniz?
- Oyundan sonra komanda yoldaşım Ruslan Abışovla rəqib futbolçu Elvin Əliyev arasında mübahisə düşdü. Qarşılaşmada gərgin mübarizə getdiyindən, əsəblər tarıma çəkilmişdi. Hər iki komandanın narazılığı vardı. Meydandakı gərginlik istər-istəməz öz təsirini göstərir.

- Deyilənə görə, paltardəyişmə otağının qarşısında televiziya əməkdaşlarından birini ağır söyüşlərlə təhqir etmisiniz...
- Elə söhbət olmayıb. Meydanı birinci mən tərk etmişəm. Oyun bitən kimi birinci mən paltardəyişmə otağına girdim. Sonra çöldəki səsə çıxdım və insident yaranmasın deyə, uşaqları sakitləşdirdim. Heç kimlə mübahisə etməmişəm. Görsəm kamera çəkir, artıq hərəkət etmərəm... Ümumiyyətlə, mətbuat işçilərinə həmişə hörmətlə yanaşmışam.

- Əgər jurnalistlərə qarşı yanlış hərəkət etsəydiniz, onda necə?
- Mənimlə bağlı problem olmayıb. Çölə çıxanda hansısa jurnalisti görməmişəm. Orda bir dəstə adam vardı. Gördüm qarışıqlıq yaranıb və mən də aranı sakitləşdirən biri olmuşam. Orda heç kamera da görünmürdü. Əgər deyilən kimi olsaydı, onda bunu aydınlaşdırmazdım. Futbol oynadığım dövrdə heç vaxt heç kimə, üstəlik, mətbuata qarşı hörmətsizlik etməmişəm. Həmişə münasibətlərimiz yaxşı olub.

- Görüşlə bağlı fikirləriniz də maraqlı olardı...
- AZAL çətin rəqib olduğundan, belə oyun gözləyirdim. Onlar bir çox komandalardan xal alıb. AZAL-ın da özünəməxsus üslubu var. Daha çox müdafiəyə bel bağlayıb, bizi əks-hücumlarda tuturdular. Rəqibin qol imkanları oldu. Elə bizim də. 100 faizli qol imkanlarımız olsa da, vura bilmədik. Növbəti oyunlara psixoloji baxımdan rahat hazırlaşmaq üçün qələbə çox lazım idi, ancaq 2 xal itirdik.

- Rəqibin mərakeşli yarımmüdafiəçi Zohair Benouahi bildirib ki, AZAL “Neftçi”dən daha yaxşı oynadı. Sizcə, nəticə ədalətli idi?
- Bu, onun şəxsi fikridir. 100 demək olmaz ki, AZAL bizdən daha yaxşı oynadı. Düzdür, onların qol imkanı oldu. Ancaq oyunda ərazi üstünlüyü, top daha çox bizdə idi. Bunun canlı şahidləri var, mütəxəssislər, mətbuat nümayəndələri dəqiq qiymət verə bilərlər. Rəqib əks-hücumlardan istifadə edib, bizə qol vura bilərdi. Baş məşqçiləri da oyundan sonra mətbuat konfransında etiraf edib ki, ikinci hissədə müdafiəyə meylli oynayıblar. AZAL bu gün çempionluğa oynayan komandadır, turnir cədvəlində 3-cü yerdədir.

- Meydanda və oyundan sonrakı gərginliyi nə ilə əlaqələndirərdiniz?
- Ola bilər ki, oyundan öncə açıqlamaların təsiri olur və futbolçular qıcıqlanırlar. Ancaq görürsən ki, kimsə müsahibəsində deyir ki, “Neftçi” keçilməz rəqib deyil, rahat uda bilərik. Bu, sonradan oyuna təsirini göstərir. Mən belə şeylərə çox fikir verən adam deyiləm. Düzdür, bu xoşagəlməz hal olmasa da, ajiotaj qalxır, maraqlı olur.

- Uzağa getməyək, Türkiyə Superliqasında, xüsusilə derbi oyunlar zamanı böyük ajiotaj yaranır. Ancaq bizdə belə ajiotajlar birmənalı qəbul olunmur. Şəxsən siz belə ajiotajların tərəfdarısınız?
- “Xəzər Lənkəran”da oynayanda çox belə hal görmüşəm. Orda nəinki legionerə, yerli futbolçuya da oynamaq çətindir. Mən belə qarşılaşmaları sevirəm. Türkiyədə belə görüşlər olanda, futbolçunun psixoloji durumu daha da yaxşılaşır. Nə qədər belə gərgin oyunlarımız çox olsa, Azərbaycan çempionatının səviyyəsi də qalxar. Ancaq təbii ki, hər şey qaydalar çərçivəsində olmalıdır. Yoxsa, avtobusa daş atmaq kimi hallar olmamalıdır.

- Çılğınlığınız hərdən sizə mənfi təsir göstərir?
- Oynadığım vaxtdan çatışmayan cəhətim budur. Yəni, özümdən bir az tez çıxıram. Bunları aradan qaldırmağa, qalmaqallardan uzaq durmağa çalışıram. Çox futbolçular əsəblərini cilovlaya bilmir. Belə hallar futbolçunun oyununa da təsir edir. Çılğınlıq edirsən, hirslənirsən, oyunun da alınmır.

- Çılğınlığı aradan qaldırmaq, soyuqqanlı olmaq üçün nə etmək lazımdır?
- Bu, insanın təbiətindən asılıdır. İnsan yaşa dolduqca, çox oynadıqca, istər-istəməz hər şeyi dərk edir. Çılğınlıq olmalıdır, çünki futbolçu udmaq istəyir və xarakteri həmin vaxt bilinir. Ancaq hər şey qaydasında olmalıdır. Çalışmaq lazımdır ki, soyuq başla hər şeyi həll edəsən.

- Son vaxtlar xal itkilərinizin səbəbini nədə görürsünüz?
- Oyunların hamısı çətin keçir. Dünən “Simurq”un “Bakı”nı udmağı sensasiya oldu. Bu, onu göstərir ki, zəif rəqib yoxdur. Motivasiya az olsa, oyun əldən gedir. AZAL-la bərabərliyə qalmasaydıq, xal ehtiyatımızı artıra bilərdik. Ancaq çatışmazlıq oldu və bu, xal itkisinə gətirib çıxardı. Bununla da, “Xəzər Lənkəran”la xal fərqi minimuma endi.

- “Xəzər Lənkəran” yaranan vaxtdan 5 il bu komandanın uğurları üçün çalışmısınız. Sabiq klubunuzun sizi keçməməyi baxımından idman prinsipiallığı varmı?
- İndi “Neftçi”nin uğuru üçün çalışıram. Təkcə “Xəzər Lənkəran”ın yox, digər rəqiblərimizin də nəticəsi vacibdir. “Neftçi”nin həmişə öz dəst-xətti olduğundan, onu istədiyi layiqli yerə qaytarmağa çalışmalıyıq. “Xəzər Lənkəran”la “Neftçi” arasında həmişə gərgin rəqabət olub.

- Qış fasiləsindən sonra ilk oyununuz evdə “Xəzər Lənkəran”la olacaq...
- Burda psixoloji durum da rol oynayır. Kim qabaqda olursa, qış fasiləsinə rahat çıxır, ayıq başla təlim-məşq toplanışını keçir. Məncə, həmin komandanın oyun öncəsi psixoloji gərginliyi az olur. “Xəzər Lənkəran”la xal fərqimiz çox olsa, onunla görüşə rahat çıxarıq.

- Çempionatın bombardiri olan özbək hücumçunuz Bahodir Nasimov son oyunlarda qol vura bilmir və bunun da nəticəyə təsiri var...
- Buna Flavinyonun zədələnməsi də təsir etdi. O, çox səviyyəli futbolçudur. Bahodirin son oyunda 100 faizli qol imkanları oldu, ancaq dəyərləndirə bilmədi. Təkcə Nasimov hər oyunda komandanı vəziyyətdən çıxarda bilməz ki. Gərək digər futbolçular da buna çalışsın. Məsələn, “Qarabağ”la oyunda qələbə topunu müdafiəçimiz Ruslan Abışov vurdu. Futbolçu həmişə qol vura bilmir. Bahodirin yenidən fərqlənməsinə çalışmaq lazımdır.