“Qızıl Top”: Berti Foqts yanıldı, Rəşad Sadıqov hədəfə düşdü
06.12.2010 - 17:20
“Qızıl Top”: Berti Foqts yanıldı, Rəşad Sadıqov hədəfə düşdü
2010-cu ildə dünyanın ən yaxşısı İspaniyanın “Barselona” klubunun futbolçusu olacaq. Apasport.az saytının məlumatına görə, bu, FİFA-nın “Qızıl top”a namizədlərin sayının konkretləşdirməsindən sonra aydınlaşıb.

Söhbət argentinalı Lionel Messi və İspaniya yığmasının heyətində bu il dünya çempionu olan Xavi Ernandeslə Andreas İnyestadan gedir. Həmin futbolçulara “Barselona”da rəhbərlik edən Xosep Qvardiola, İspaniya millisinin çalışdırıcısı Visente del Boske və portuqaliyalı Joze Mourinyo (“Real”) ən yaxşı baş məşqçi olmağa namizəddir.

Milli komandaların baş məşqçiləri və kapitanlarının iştirak etdiyi sorğuda ölkəmizdən Berti Foqtsla Rəşad Sadıqov qatılıb. Rəşad futbolçularla bağlı “üçlük”dən Xaviyə, məşqçilərdən Mourinyo və Visente del Boske səs verib. Foqts “Barselona”nın heç bir futbolçusuna səs vermədiyindən, seçimində düz gələn yoxdur. Onun düz tapdığı yalnız Mourinyodur.