“Azərbaycanla oyundan sonra dediklərimlə bağlı narahatlıq yaranıb”
09.12.2010 - 11:19
“Azərbaycanla oyundan sonra dediklərimlə bağlı narahatlıq yaranıb”
“Azərbaycanla görüşdən sonra söylədiyim fikirlərlə bağlı narahatlıq yaranıb. Bizdən sonra gələcək oyunçuların yığmanı mənimsəməsinə görə onu buraxmağı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin kapitanı Əmrə Belözoğlu deyib.

Azərbaycan yığması ilə Avro-2012-nin seçmə mərhələsində Bakıda 0:1 uduzduqları oyundan dərhal sonra canlı yayımda yığma karyerasını bitirdiyini deyən 30 yaşlı yarımmüdafiəçi onun çıxışını davam etdirməsini istəyənləri anlayır. Əmrə qərarının qəti olmadığını bəyan etməklə, onları sakitləşdirib: “İndi qəti qərar verən deyiləm. Bu, bəzi danışıqlar aparandan sonra verəcəyim bir qərardır. Bəzi insanlarla danışmağım lazımdır. Bizdən sonra gələcək futbolçuların milli məsuliyyətini hiss etməsi lazımdır. “Buraxıram” deyirəm, amma nə zaman mənə ehtiyac duyularsa, gəlib sevə-sevə oynayaram. “Fənərbaxça”da 3 illik dövrüm yaxşı gedir. Yığmada da belə idi. Bəzi şeylərin qərarını verməyim lazım olduğunu düşünmüşdüm. Yığmadan dəvət gəlirsə, yaşımdan asılı olmayaraq, hazır olaram. Milli komanda “mən buraxdım, gəlmərəm” deyiləcək bir yer deyil. Oynayacağımız önəmli matçlar var. Bəzən diqqəti çəkən açıqlamalar edirik. Ayrıca milli komanda bazarlıq ediləcək yer deyil. Bunu edəcək bir şey yoxdur”.

Qeyd edək ki, Əmrə indiyə kimi müxtəlif yığmalarda 150 oyun keçirib.