“Altılıq” arzusunda olanlar üçün üç addım
10.12.2010 - 00:23
“Altılıq” arzusunda olanlar üçün üç addım
Premyer Liqa təmsilçilərinin qış fasiləsinə yollanmasına bir şey qalmayıb. Növbəti 3 turdan sonra, yəni dekabrın 26-dan etibarən elita təmsilçiləri istirahətə buraxılacaq.

Çempionat iştirakçıları üçün fasiləyə turnir cədvəlinin hansı pilləsində yollanmaları çox önəmlidi. Çünki təlim-məşq toplanışlarında mövcud durumlarını göz önünə alıb hərəkət edəcəklər. Məsələn, əgər "Gəncə" ilk "altılıq"dan çox uzaq düşəcəksə, onda çətin ki, qışda transferə çox pul xərcələyə. Və ya "Neftçi" fasiləyədək liderliyini qoruya bilsə, heyətini gücləndirmək, qızıl medalları əldən verməmək üçün hərəkətə keçəcək.
Premyer Liqa iştirakçılarından "Neftçi", "Xəzər Lənkəran", AZAL, "İnter", "Qəbələ", "Qarabağ", "Bakı" və "Gəncə"nin mükafatçılar sırasına düşmək şansı realdı. Bu isə o deməkdi ki, sözügedən 8 komandadan ikisi kənarda qalacaq.

"Muğan" və "Turan" ilk "altılıq"a vəsiqə qazanmaq ehtimalı olduqca azdı və bu, inandırıcı görünmür. "Simurq" və MOİK-dən isə heç danışmağa dəyməz. Çünki bu cütlük elitanı tərk etməyə əsas namizədlərdi.

“Neftçi”. "Ağ-qaralar"ın çempionluq həvəsində olduğunu nəzərə alsaq, onların təqvimdən şikayətlənməyə haqları yoxdu. Ən azı ona görə ki, "Bakı", "Gəncə" və "Turan" flaqmanın "dişinə uyğun" rəqibdi. Düzdü, "Bakı"nın adı bir qədər vahiməli səslənir. Amma hamıya məlumdu ki, əvvəlki "Bakı"dan əsər-əlamət qalmayıb. Əgər "zolaqlılar" doğma divarlar arasında 90 dəqiqə ərzində "Muğan" və "Simurq" kimi rəqiblərə güc gələ bilmirsə, onda "Neftçi"nin "Bakı"dan çəkinmək üçün nə haqqı var?

"Gəncə" "Neftçi" üçün asan rəqibdi. Hər halda, "ağ-qaralar"ın həm çempionatda (6:2), həm də ölkə kubokunda (3:1) rəqibini darmadağın etməsi belə söyləməyə əsas verir.
"Turan" yavaş-yavaş dirçəlsə də, səfərdə "Neftçi"ni büdrətmək onlar üçün asan iş deyil. Özü də Arif Əsədovun komandasının tovuzlularla haqq-hesabı var. Axı, paytaxt klubu ilk dövrədə rəqibini səfərdə üstələyə bilməyib (2:2). Yekun olaraq deyək ki, "Neftçi"ni zirvədəki yerini itirmək ehtimalı elə də böyük deyil. "Ağ-qaralar" yalnız "Bakı"nın yuxudan ayılıb sürpriz etmələrindən çəkinməlidi.

“Neftçi” – “Bakı”
“Gəncə” – “Neftçi”
“Neftçi” – “Turan”

“Xəzər-Lənkəran”. Cənub təmsilçisinin istirahətə xal itirmədən yollanacağını söyləmək olar. Hər halda, "Xəzər-Lənkəran"ın ən çətin oyunu "Qarabağ"la doğma divarlar arasında baş tutacaq. Hansı ki, Mirça Rednikin komandası artıq cari çempionatda rəqibini səfərdə məğlub etməyi bacarıb (1:0).
Cənub təmsilçisinin digər rəqiblərinə gəlincə, bunlar "Gəncə" və MOİK-di. "Xəzər-Lənkəran" cari mövsümdə ilk yenilgisini "Gəncə"də aldı - özü də darmadağına məruz qalmaqla (1:4). Odu ki, Rednik komandasını növbəti turda baş tutacaq qarşılaşmaya ciddi hazırlayıb və qisas arzusundadı. MOİK kimi qapazaltı rəqibdən isə heç danışmağa dəyməz. "Xəzər Lənkəran" yumşaq desək, "hərbçilər"i "tapdalamalıdı".

“Xəzər Lənkəran” – “Gəncə”
MOİK – “Xəzər Lənkəran”
“Xəzər Lənkəran” – “Qarabağ”

AZAL. "Təyyarəçilər" hazırda 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşsalar da, onları qarşıdakı 3 turda çox ağır oyunlar gözləyir. Bu isə o deməkdi ki, paytaxt klubu mövqeyini əldən verə bilər.
Sabah Nazim Süleymanovun yetirmələrini ilk dövrədə 5:0 hesabı ilə üstələdikləri "İnter"lə çətin sınaq gözləyir. AZAL-ın birinci cəhddə "bankirlər"i biabırçı hesabla yenməsi heç kimi çaşdırmasın. Belə rəqiblərin oyunlarında bu cür hesablar az-az qeydə alınır. Odu ki, "İnter"in qarşıdakı duelə ciddi hazırlaşdığını söyləməyə gərək yoxdu.
"İnter"in ardınca AZAL-ı "Qəbələ" ilə gərgin mübarizə gözləyir. Yenilməzlik seriyasını davam etdirən qəbələlilərin bu oyunda da ayaqda qalacağını ehtimal etmək olar. "Muğan"la səfər oyununa gəlincə, salyanlıların durum heç də ürəkaçan deyil və komandanın xala ehtiyacı var. Əgər "Muğan" doğma divarlar arasında "İnter"i uda bilirsə, demək AZAL da buna hazır olmalıdır.

“İnter” – AZAL
AZAL – “Qəbələ”
“Muğan” - AZAL

“İnter”. "Bankirlər"i qarşıda 2 ağır və nisbətən yüngül 1 oyun gözləyir. "İnter"in ilk rəqibi AZAL olacaq. Bu matç barədə yuxarıda ətraflı məlumat vermişik. Yalnız onu əlavə edək ki, "bankirlər"in işləri yolunda deyil. Ötən tur "Qarabağ"a uduzduqdan sonra baş məşqçi Kaxaber Sxadadzenin kreslosu əməlli-başlı laxlayıb və növbəti uğursuzluqlar onun işindən edə bilər.
AZAL-la oyunun nəticəsindən asılı olmayaraq, "Bakı" ilə səfər qarşılaşması hər iki kollektiv adına dönüş matçı olacaq. Bu oyunda qalib gələn komanda hardasa işıqlığa çıxacaq. Sxadadzenin komandasının cari çempionatdakı 5 yenilgisindən biri "Gəncə" ilə səfər oyununa təsadüf edir (0:1). Ona görə də "İnter" həm xal ehtiyatını yaxşılaşdırmaq, həm də məğlubiyyətin əvəzini çıxmaq üçün rəqibin dərsini verməlidi.

“İnter” - AZAL
“Bakı” – “İnter”
“İnter” – “Gəncə”

“Qəbələ”. Premyer Liqada yenilməzlik seriyasını 10 oyuna çatdıran "Qəbələ" rəqiblər üçün gözdağı olmaqda davam edir. Açığı, Toni Adamsın yetirmələri qarşıdakı 3 turda bir qədər diribaş olsa, fasiləyədək ayaqda qalmağı bacarar. "Qəbələ"ni növbəti turda Toni Adamsa ölkəmizdə ilk qələbə sevinci yaşadan "Turan"la (1:0) oyun gözləyir. Düzdü, Tovuz təmsilçisi bir qədər dirçəlib, amma istənilən halda "Qəbələ" "altılığ"a düşmək istəyirsə, bu oyundan 3 xalla ayrılmalıdır. Çünki AZAL-la səfər və "Bakı" ilə ev oyunları Toni Adamsın komandası üçün asan keçməyəcək.

“Qəbələ” – “Turan”
AZAL – “Qəbələ”
“Qəbələ” – “Bakı”

“Qarabağ”. Ağdam təmsilçisinin özünə gəlmək üçün bir neçə qələbəyə ehtiyacı var. Özü də bunun üçün əla fürsət yaranıb. Hər halda, Qurban Qurbanovun komandasını qarşıda "Simurq"la səfər, "Muğan"la ev oyunu gözləyir. "Qarabağ" bu rəqiblərdən 3 xal qoparacaq gücdədi. Ağdamlılar "altılıq"dakı mövqelərini qorumaq üçün bu 2 oyundan ən azı 4 xal toplamalıdı. Çünki "Qarabağ"ı fasilə öncəsi çətin Lənkəran səfəri gözləyir.

“Simurq” – “Qarabağ”
“Qarabağ” – “Muğan”
“Xəzər Lənkəran” – “Qarabağ”

“Bakı”. "Zolaqlılar"ı ilk "altılıq"dan 2 xal ayırır. Amma deyəsən, növbəti turlarda bu fərq bir qədər də böyüyəcək. Çünki "Bakı"nı qarşıda 3 çətin oyun gözləyir. Paytaxt klubunun indiki durumu ilə "Neftçi" və "Qəbələ"ni səfərdə udması çətin tapşırıqdı. "İnter"lə evdəki qarşılaşmaya gəlincə, yuxarıda da qeyd etdiyimiz kimi, bu matç hər iki tərəf üçün dönüş oyunu olacaq.

“Neftçi” – “Bakı”
“Bakı” – “İnter”
“Qəbələ” – “Bakı”

“Gəncə”. Əyalət təmsilçisinin təqviminə baxanda "Bakı" öz gününə şükür etməlidi. "Gəncə" "zolaqlılar"la eyni durumda olsa da, Fuad İsmayılovun komandasını daha ağır oyunlar gözləyir. Açığı, "Gəncə"nin qarşıdakı turlarda ilk "altılıq"la bağlı arzularını dəfn edəcəyini düşünürük. Çünki əyalət klubunun "Xəzər-Lənkəran", "Neftçi" və "İnter"dən xal almaq şansı çox azdı.

“Xəzər Lənkəran” – “Gəncə”
“Gəncə” – “Neftçi”
“İnter” – “Gəncə”

1

Neftçi

16

10

5

1

30-7

35

2

Xəzər Lənkəran

16

10

4

2

19-8


3
4

3

AZAL

16

9

5

2

22-8

32

4

İnter

16

8

3

5

13-11

27

5

Qəbələ

16

7

5

4

16-7

26

6

Qarabağ

16

7

3

6

16-12

24

7

Bakı

16

6

4

6

22-18

22

8

Gəncə

16

5

7

4

23-20

22

9

Muğan

16

3

5

8

7-19

14

10

Turan

16

2

5

9

13-25

11

11

Simurq

16

2

4

10

10-25

10

12

MOİK

16

1

2

13

5-36

5



ŞAMO, Ekspressfutbol qəzeti