Rəşad Sadıqovun “Əskişəhərspor”da ayağı düşərli oldu
11.12.2010 - 11:40
Rəşad Sadıqovun “Əskişəhərspor”da ayağı düşərli oldu
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun ayağı düşərli oldu. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimizin cari mövsümdən oynadığı Türkiyənin “Əskişəhərspor” klubu “Beşiktaş”la oyunlarda 30 illik uğursuzluq sindromunu nəhayət, qırdı. Bu, Superliqanın XVI turunun açılış oyununda evdə “Beşiktaş” üzərində qazanılan 2:0 hesablı qələbə ilə reallaşdı. “Əskişəhərspor” “Qara Qartallar”ı sonuncu dəfə 1981-ci il yanvarın 3-də səfərdə yenmişdi. “İsmət İnönü” stadionunda keçirilən həmin oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. “Əskişəhərspor” bundan sonra rəqibi ilə 19 oyundan qalib gələ bilməmişdi. Bu azmış kimi, komanda 1987-ci ildən bu yana “Beşiktaş”dan xal da ala bilmirdi.
“Əskişəhərspor”la “Beşiktaş” indiyə kimi 49 dəfə görüşüb. Son 19 Superliqa oyunundan 16-da istanbullular, 3-ü Sadıqovun komandası qazanıb. “Beşiktaş”ın “Əskişəhərspor”la Superliqada 11 oyunluq qələbə seriyası dünən qırıldı. Komandalar Əskişəhərdə 25-ci dəfə görüşürdü. “Atatürk” stadionundakı oyunlarda meydan sahibləri bunadək 8, qonaqlar 10 dəfə qalib gəlmiş, 6 görüş heç-heçə bitmişdi (topların fərqi 28-20).
Qeyd edək ki, Rəşad Türkiyənin digər nəhəngi “Fənərbaxça” ilə oyunda zədələndikdən sonra 1 aydır oynamır.