“Berti Foqts hansı vəziyyətdə olduğumu bilmirdi”
14.12.2010 - 13:09
“Berti Foqts hansı vəziyyətdə olduğumu bilmirdi”
“Axır vaxtlar bəxtim gətirmir. Son bir ayda yığmadan 2 dəvət alsam da, yenə zədə üzündən hazırlıq prosesini tərk etməli oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Branimir Subaşiç deyib.

2 illik fasilədən sonra ölkəmizə qayıdan 28 yaşlı milliləşdirilən serbiyalı hücumçu yayda “Qəbələ”yə keçdi. Ancaq hələ ötən ay Çernoqoriya yığması ilə yoldaşlıq görüşü öncəsi, konkret olaraq, “Xəzər Lənkəran”la ev oyununda zədələnən Subaşiç əzələ dartılması problemi ilə üzləşdi. Bu üzdən Podqoritsadakı görüşə aparılmayan futbolçu millinin Bakıda başlayan toplanışını tərk etdi: “Baş məşqçi Berti Foqts hansı vəziyyətdə olduğumu bilmirdi. Klubumdan zədəli olduğumu demişdilər. Ancaq bununla belə, Foqts məni yoxlamaq istəyirdi. O, keçən dəfə də zədəmə görə bunu edə bilməmişdi. Yığmanın düşərgəsinə getdim, səhər məşqinə də çıxdım. Ancaq ağrılar qaldığından, məşq edə bilmədim. Hələ 100 faiz hazır deyiləm. Buna görə də yığmanın düşərgəsindən gedişimə icazə verdilər. Az öncə həkimdən çıxmışam, iynə vurdururam. Ciddi problem yoxdur, 2-3 günə sıraya dönəcəyəm”.

1 aydan artıqdır oynamayan Branimir komandasına bu il keçiriləcək son 2 görüşdə kömək etmək istəyir: “AZAL və “Bakı” ilə vacib oyunlarımız qalıb. Ümid edirəm ki, həmin görüşlərə qədər hər şey qaydasında olacaq. Meydana çıxıb, komandama kömək etmək istəyirəm. Bu oyunlar “altılıq” uğrunda mübarizədə çox vacibdir. Mən ötən tur “Turan”la oyun öncəsi məşq etməmişdim. AZAL-la matç öncəsi hazırlıqda iştirak edəcəyəm. İnanıram ki, indiki vəziyyətdə rəqabətə davam gətirib, heyətdə yer ala biləcəyəm. Qış fasiləsində çox dincəlməyib, hazırlığıma diqqət yetirəcəyəm. Məşqlərlə əvvəlki formamı bərpa etməyə çalışacağam. Yığmanın Dubaydakı təlim-məşq toplanışına qədər tam hazır olub, dəvət alacağıma ümid bəsləyirəm”.

Mehman SÜLEYMANOV