“Qurban Qurbanov özü hər şeyi görürdü”
14.12.2010 - 13:26
“Qurban Qurbanov özü hər şeyi görürdü”
“Təbii ki, komandamızın qələbəsi daha önəmlidir. Admir Telinin zədələnməsindən xəbərim yox idi. Müşfiq Hüseynov fasilənin sonuna yaxın mənə yaxınlaşdı ki, tez hazırlaş”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Aftandil Hacıyev deyib.

Unibank Premyer Liqasının XVII turunun “Simurq”la oyununda sonradan meydana daxil olub qələbə qolunu vuran 29 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlama verib: “Oyuna girərkən Qurban Qurbanov mənə təcili təlimatlarını verdi. İlk andan öz oyunumu oynamağa çalışdım. Çempionatın 2-ci turunda MOİK-lə oyundan sonra zədələnmişdim. Zədəmi sağaltdıqdan sonra forma yığmağa vaxt lazım idi. Baş məşqçimiz özü hər şeyi görürdü. Öz üzərimdə daim çalışıb vaxtımı gözləyirdim”.

2007-ci ildən “Qarabağ”da çıxış edən futbolçu 2007/2008 mövsümündən sonra (“Bakı” ilə 1:1) ilk dəfə çempionatda qol vurdu. Hacıyev cari mövsümdə komandasının qol vuran ilk müdafiəçi oldu: “Komandamıza mütləq olaraq qələbə lazım idi. Ona görə də təbii ki, qol vurmaq lazım idi. Qol vurulan epizodda standart vəziyyətdən sonra geri qayıtmadım. Cərimə meydançasında gözlədim. Nə deyə bilərəm? Yəqin, qismətimdə qol vurmaq varmış. Komandamız üçün qələbə çox vacib idi. Əsas odu ki, qələbə qazanaraq “6”lıqda qaldıq”.