“Turan”ın Vurğuna görə istədiyi məbləğ bizlik deyil” – MÜSAHİBƏ
14.12.2010 - 13:47
“Turan”ın Vurğuna görə istədiyi məbləğ bizlik deyil” – MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Qış “transfer pəncərəsi”ndə komandanızın heyətinə cəlb edəcəyiniz yeni oyunçuların adlarına aydınlıq gəlib?
- Bəzi oyunçularla danışıqlar aparılır. Bu işlə klubun menecerləri məşğul olurlar.

- Danimarka yığmasının sabiq futbolçusu Brayan Priskin də adı “Qəbələ” ilə yanaşı hallanır....
- Onunla danışıqlar artıq yekunlaşmaq üzrədir. Böyük ehtimalla, danimarkalı müdafiəçi komandamızda çıxış edəcək. O, sağ cinah müdafiəçisi kimi komandamıza faydalı olacaq.

- İngiltərə mətbuatı onunla yanaşı, Yamayka yığmasının üzvü Luton Şeltonun da “Qəbələ”yə keçə biləcəyini iddia edir. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Yox. Belə məsələ yoxdur.

- Keçid baş tutmayıb, yoxsa belə variant olmayıb?
- Hazırda belə variant yoxdur.

- Əvvəllər komandanızın şərəfini qorumuş Vurğun Hüseynovun yenidən “Qəbələ”yə qayıdacağı ehtimal olunur...
- Bildiyiniz kimi, “Turan” Vurğunu transferə çıxarıb. Lakin müdafiəçi üçün çox yüksək qiymət qoyulub.

- Hüseynovun transfer qiyməti sizi qane etmir?
- Bu məbləğ bizim üçün deyil. Lakin qiymətdə razılığa gələ bilsək, onu komandaya qaytaracağıq.

- Onun transfer qiymətini açıqlaya bilərsiniz?
- Yox.

- Yəqin ki, qış fasiləsində komandanı tərk edənlər də olacaq. Onların adlarına aydınlıq gəlib?
- Hələ qarşıda 2 oyunumuz var. Yalnız bu matçlardan sonra adlar açıqlanacaq.

- Hazırlıq planı ilə bağlı məsələlər dəqiqləşib?
- Bəli. Gələn il yanvarın 18-dən 29-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcəyik.

- Yəqin ki, yoxlama oyunları ilə bağlı məsələlər də həll olunub?
- Artıq 2 rəqiblə bu haqda razılıq əldə edilib.