Elvinin şəfası, Nodarın cəfası, Ceyhunun “kitayski” saatı
20.12.2010 - 12:50
Elvinin şəfası, Nodarın cəfası, Ceyhunun “kitayski” saatı
XIX milli çempionat qış fasiləsinin astanasındadır. Artıq cümə axşamı keçiriləcək XIX turdan sonra komandalar 51 günlük fasiləyə çıxacaqlar. Bu il sonuncu dəfə şənbə və bazar günləri keçirilən turda isə turnir cədvəlində ciddi dəyişiklik olmadı. Təsadüfi deyil ki, yalnız “İnter” qələbə sayəsində irəliləyərək, 4-cü pilləyə qayıtdı. Bunun nəticəsində “Qəbələ” və “Qarabağ” yenidən 5 və 6-cı pillədə yer aldı, qalan komandalar isə mövqelərində qaldılar.


MOİK – “Xəzər Lənkəran” – 0:2
“Xəzər Lənkəran”ın albaniyalı futbolçusu Elvin Beçiri üçün “Şəfa” stadionu düşərli məkandır. Belə ki, müdafiəçi cari mövsümdə bu arenada hər 2 oyunda vurduğu qollarla komandasına vacib qələbə qazandırır. Elvin hələ I dövrədə AZAL-la görüşün uzatma dəqiqələrində cərimə zərbəsindən topu birbaşa qapıya göndərməklə, “ağ-yaşıllar”a mühüm 3 xal qazandırdı – 1:0. Ötən qış “Xəzər Lənkəran”a keçən Beçiri Premyer Liqanın hesabat turunda MOİK-lə qarşılaşmada daha məhsuldar çıxış etdi. Bu dəfə “hərbçilər”lə matçda 12 dəqiqəyə dubl edən Elvin komandasını zirvədə saxladı.

“Gəncə” – “Neftçi” – 0:4
“Gəncə” “Neftçi” ilə oyunlarda qəza keçirdi. Komanda flaqmanla ölkə kubokunu da nəzərə alsaq, hər 3 matçda məğlubiyyətlə barışdı. Özü də bunun son ikisi 10 gündə reallaşdı. Maraqlıdır ki, “Gəncə” rəqibindən hər 2 məğlubiyyəti böyük hesabla aldı. “Neftçi”nin 4:0 hesabı ilə qalib gəldiyi matçda qol vuranlarla bağlı maraqlı məqamlar var. Əvvəla, çempionatın bombardiri Bahodir Nasimov uzun fasilədən sonra rəqib qapısına yol taparaq, 15-ci qolunu vurdu. Bununla, özbək hücumçu bu ili qolla bitirərək, ölkəmizi tərk edir. Məlum olduğu kimi, Bahodir yığmadan dəvət aldığından, son turda “Turan”la görüşü gözləmədən hazırlıq keçdikləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, oradan Asiya çempionatının final mərhələsinin keçiriləcəyi Qətərə yollanacaq.

Emil Mpenza “Gəncə” ilə hər iki dövrədəki oyunda qol vura bildi. Özü də belçikalı hücumçu Respublika stadionundan kənarda da fərqləndi. Çünki Mpenza buna qədər hər 3 qolunu – “Gəncə” ilə yanaşı, AZAL və “İnter”ə mərkəzi arenada qol vurmuşdu.

“Neftçi”dən digər 2 qolu vuranlardan müdafiəçi İqor Mitrevski ölkəmizdə qol hesabını açdı. Moskva “Spartak”ında çıxışı ilə tanınan Makedoniya yığmasının üzvü yarım ildir Premyer Liqanın iştirakçısıdır. Rəşad Abdullayev isə Gəncədə qol vurması ilə seçildi. O, 3:1 hesabı ilə qalib gəldikləri kubok oyununda da bunu nümayiş etdirmişdi.

“Bakı” – “İnter” – 1:2
“Bakı” Tofiq Bəhramov adına Respublika stadionundakı oyun seriyasını bitirdi. Komanda II dövrənin ilk turunda səfərdə “Gəncə”yə 3:1 hesabı ilə qalib gəldikdən sonra kuboku da nəzərə alsaq, mərkəzi arenada dalbadal 7 oyun keçirdi. Bunlar “Qarabağ” (2:0), MOİK (0:4), “Xəzər Lənkəran” (1:1), “Simurq” (0:1), “Neftçi” (2:0), “İnter” (1:2) və kubokda “Muğan”la (1:1, penaltilərlə 5:3) görüşlərdir. Sayın çox olması onunla bağlıdır ki, “Neftçi” ilə MOİK də “Bakı” kimi ev oyununuu Respublika stadionunda keçirdi, “Muğan”la görüşdə isə püşkə görə meydan sahibi “zolaqlılar” idi. Bütün nəticələrə imza atdığı Respublika stadionundan çıxan “Bakı” Qəbələyə yollanacaq. Komandanın ilk mərhələdə bir ev oyunu qalıb ki, bu da “Muğan”ladır. Ancaq onunla kubokda görüşdüyündən, bakılılar Respublika stadionunda bütün Premyer Liqa iştirakçıları ilə qüvvəsini sınayıb.

“Qarabağ” – “Muğan” – 2:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı oyun dünya futbolunda nadir hallarda müşahidə olunan olayla tarixə düşdü. Belə ki, saatında problem çıxan baş hakim Ceyhun Haşımov ilk hissəni 43-cü dəqiqədə bitirdi. Səhvini ona anlatdıqdan sonra həmin 2 dəqiqə komandalar fasilədən qayıtdıqdan sonra oynanıldı. Yəni komandalar bundan sonra qapıları dəyişdirərək, görüşü davam etdirdilər. Görünür, Haşımovun istifadə etdiyi saat “kitayski” olub...

AZAL – “Qəbələ” – 2:2
“Qəbələ”nin qapıçısı Pavel Doroşev 3 ay qol buraxmadı, buraxanda da ikisini birdən buraxdı. Çempionatda 10 oyun qapısını toxunulmaz qoruyan latviyalının “quru seriyası” 951 dəqiqə oldu. Onun qapısına yol tapan isə litvalı Qvidas Yuşka oldu. Qapıçısından fərqli, “Qəbələ”nin seriyası bitmədi və bu, kuboku da nəzərə alsaq, artıq 13 oyundur. Komanda sonuncu dəfə VI turda sentyabrın 19-da evdə “İnter”ə 0:1 hesabı ilə uduzub.

“Şəfa”dakı oyunda “Qəbələ”nin müdafiəçisi Nodar Məmmədov az qala şəfasız qalacaqdı. Belə ki, huşunu itirən millimizin üzvünün həyatı ilə bağlı ciddi təhlükə yarandı. Meydançadan birbaşa xəstəxanaya aparılan Nodarın hazırda səhhəti qaydasındadır.

“Turan” – “Simurq” – 1:1
Autsayder olan bu əyalət təmsilçilərinin görüşlərində qalib müəyyənləşmir. Yəni həm Zaqatala, (2:2), həm də Tovuzdakı oyun 1:1 hesabı ilə nəticələndi. Son oyunda isə komandaların xilaskarları yenə öz sözlərini dedilər. “Turan”da cari mövsümdə qol vurmaq missiyasını ön xətt oyunçusu yox, mərkəz müdafiəçisi Muammer Erdoğdu üzərinə götürür. Yenə belə oldu və türkiyəli futbolçu hesabına 4-cü qolu yazdı. Təsadüfi deyil ki, “Turan”ın bombardiri məhz Muammerdir. Samir Əliyev isə bu il 11 ay gözləyərək, hər iki qolunu dekabrda səfərdə vurdu. “Bakı” ilə oyunda cərimə zərbəsindən vurduğu gözəl qolla “Simurq”a gözlənilməz qələbə qazandıran təcrübəli hücumçu bu dəfə komandasını məğlubiyyətdən xilas etdi. Onun vurduğu qol “Simurq”a Tovuzda vacib 1 xal qazandırdı.