“Neftçi” “Titanik”də “üzəcək” - FOTOSESSİYA
20.12.2010 - 16:02
“Neftçi” “Titanik”də “üzəcək” - FOTOSESSİYA
Bakının “Neftçi” və AZAL klubları Türkiyədə keçirəcəkləri qış təlim-məşq toplanışı zamanı Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaqlar. Apasport.az saytının məlumatına görə, bu otel dənizə birləşmiş ərazidə yerləşir. Ümumi ərazisi 95 min kvadrat metr olan otel sahil boyu 165 metr uzanır. Şəhərin mərkəzindən 15, hava limanından 10 km məsafədə olan otelin çimərlikləri incə qumla örtülüb.

556 otaqdan ibarət oteldə rahatlıq üçün hər şey var. 24 saat mühafizə xidmətinin çalışdığı mehmanxanada konfrans və biznes zalları, açıq və qapalı hovuzlar, sauna, market, avtopark, avtomobil kirayəsi üçün yer, həkim, amfiteatr, siqaret çəkməyənlər üçün xüsusi otaq kimi bir sıra özəlliklərə məxsusdur.

Oteldə mövcud olan xidmətlərin əksəriyyəti isə pulsuzdur. Bunlar arasında diskoteka, internet kafe, basketbol, tennis, stolüstü tennis, cakuzi, voleybol, mini futbol, sörfinq, fitnes, kinoteatr, tv salonu kimi xidmətlər aiddir. Boulinq, yelkənli qayıq, masaj salonu, bilyard, futbol, paraşüt idmanı, katamaran kimi xidmətlər üçün isə qonaqlar para ödəməlidir. Lakin digər otellərdən fərqli, burada qolf, velosiped, dəniz velosipedi yoxdur.

Qeyd edək ki, “Neftçi” hazırlığın ilkin mərhələsini yanvarın 10-dan 20-dək bu oteldə keçəcək.