“Xəzər Lənkəran” daha iki futbolçunu transferə çıxardı
20.12.2010 - 15:56
“Xəzər Lənkəran” daha iki futbolçunu transferə çıxardı
“Xəzər Lənkəran” klubu daha iki futbolçunu transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin latviyalı qapıçı Denis Romanov və gürcü müdafiəçi Davit İmedaşvili ilə yollarını ayıracağı dəqiqdir.

Yayda alınan hər iki legioner ümidləri doğrultmadı. Əsas heyətdə möhkəmlənə bilməyən Romanovla İmedaşvili günlərini daha çox ehtiyat oyunçular skamyasında keçirir.

Hələ Ağasəlim Mircavadovun dövründə transfer edilən, Avroliqanın təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubu ilə görüşlərdə əsas heyətdə oynayan Davit sonradan ağır zədə üzündən Türkiyədə cərrahiyyə əməliyyatı olundu və uzun müddət hazırlıqdan kənarda qaldı. Denis isə indiki baş məşqçi Mirça Redniklə hələ Buxarest “Dinamo”sunda rəhbərliyi altında oynasa da, o vaxt olduğu kimi daha çox ehtiyatda qalır. Latviya yığmasının ehtiyat qapıçısı “Xəzər Lənkəran”da meydana çıxdığı görüşlərdə inamsız oyunu ilə yadda qaldı.

Qeyd edək ki, apasport.az saytı 2 həftə öncə - braziliyalı yarımmüdafiəçi Kristian Kabral transferə çıxarılan zaman “Xəzər Lənkəran”dan ayrılacaq futbolçuların siyahısında Denislə Davitin də adını qeyd etmişdi.