Tovuzdakı qalmaqalın tam təfərrüatları: Kişinin borcu olar!
20.12.2010 - 16:47
Tovuzdakı qalmaqalın tam təfərrüatları: Kişinin borcu olar!
“Simurq” klubunun rəhbərliyi Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Bu haqda apasport.az saytına Zaqatala təmsilçisinin prezidenti Zaur Məmmədov məlumat verib. Klub rəhbəri çempionatın hesabat turunda Tovuzda yerli “Turan”la oyunda (1:1) futbolçularına qarşı münasibətdən narazılığını bildirib.

Məmmədov vurğulayıb ki, oyun bitəndən sonra tovuzlu futbolçular paltardəyişmə otağının qabağında onların oyunçularına hücum ediblər: “Həmin vaxt düşən qarışıqlıq zamanı bəzi futbolçularımız xəsarət alıb. Konkret olaraq, qapıçı Fuad Əhmədovla müdafiəçi Elnur Abbasovun adını çəkə bilərəm. Xəsarət almaq o demək deyil ki, mütləq xəstəxanalıq olasan. Ancaq dava-dalaş zamanı şillə, təpik, yumruqdan istifadə olunub. Ancaq Fuadı çox güman taxta ilə vurublar. Çünki onun aldığı zərbə yumruqluq deyil. Nəticədə Əhmədov huşunu itirib və açığı, mən ona görə çox narahat oldum. Yaxşı ki, qapıçımız tez bir zamanda özünə gəlib”.

Məmmədov dava-dalaşın nədən qaynaqlandığını aydınlaşdırdığı zamanı maraqlı məqama toxunub: “Belə informasiya var ki, Elnurun “Turan”ın futbolçularına borcu varmış. O, yayda Tovuz klubunda baxışda olan zaman kimdənsə pul götürüb və bu, 100-200 dollar arasında olub. Görünür, “Turan” evdə qalib gəlmədiyindən, bu onlar üçün haqq-hesab çürütmək üçün bəhanə olub. Elnura deyiblər ki, pulu qaytar. Əvvəla, kişinin borcu olar. Əgər kiməsə borcun varsa, qaytarmağa məhkumsan. Digər tərəfdən, yaxşı bir məsəlimiz var: Sağ əlin verdiyini sol əl bilməməlidir. Əgər kiminsə sənə borcu varsa, bunu aləmə yaymamalısan. Nəticədə söhbətdən bixəbərlər, legionerlər də məsələyə qarışıb və kütləvi dava olub”.

Məmmədov AFFA-nın İntizam Komitəsinin növbəti iclasında məsələyə hüquqi qiymət verilməsini istəyir: “Tələbimiz odur ki, futbolçularımıza xəsarət yetirənlər cəzalansın və bu, başqalarına da dərs olsun. Futbolçularımızın çoxu gəncdir. Oyundan sonra qonaq komandaya hücum etmək kişiliyə yaraşmayan hərəkətdir”.