“Əgər sənin günündürsə, Buffona da qol vurarsan” - MÜSAHİBƏ
20.12.2010 - 18:00
“Əgər sənin günündürsə, Buffona da qol vurarsan” - MÜSAHİBƏ
AZAL klubunun litvalı hücumçusu Qvidas Yuşkanın apasport.az saytına müsahibəsi

- “Qəbələ” ilə oyun barədə fikirlərinizi öyrənmək istərdik...
- Nə deyə bilərəm? 0:2 hesabı ilə uduzsaq da, sonda məğlubiyyətdən xilas olduq. Yaxşı ki, son dəqiqələrdə hesabı bərabərləşdirə bildik.

- Elə isə sualı belə qoyaq: Niyə qalib gələ bilmədiniz?
- Çünki erkən 2 qol buraxdıq. Bundan sonra qalib gəlmək çətin idi.

- Nəticəni qanunauyğun sayırsınız, yoxsa?
- Fikrimcə, hesab yaxşıdır. Belə də olmalı idi. Biz ikinci hissədə daha yaxşı təsir bağışlayırdıq.

- Komandanızın oyunda ilk qoluna imza atdınız. Özü də uzun müddətdir top buraxmayan “Qəbələ”nin latviyalı qapıçısı Pavel Doroşevə qol vurdunuz...
- Bunu bilirdim.

- Bu amil sizi qol vurmağa daha da stimullaşdırırdı?
- Mən hər oyuna qol vurmaq üçün çıxıram. Əslində, “Qəbələ”nin qapıçısına ilk dövrədə qol vura bilərdim. Səfərdə keçirdiyimiz həmin görüşdə iki imkanım oldu. Birində top dirəyə, digərində qapıçıya dəydi. Bu oyunda isə şansımdan yararlana bildim. Düşünmürdüm ki, qolu məhz mən vurmalıyam. Ola bilərdi ki, başqası Doroşevə qol vurardı. Ancaq fikirləşirdim ki, mütləq qol vuracağıq.

- Bəlkə uğurun sirri ondadır ki, hər ikiniz Baltikyanı ölkə təmsilçisiniz? Yəni, sonda latviyalının qapısına litvalı yol tapa bildi...
- Belə deməzdim. Biz ayrı-ayrı ölkələrin nümayəndələriyik. Mənim “Qəbələ”nin qapıçısı ilə şəxsi tanışlığım yoxdur. Elə oldu ki, çox futbolçular ona qol vura bilmədi, biz bunu etdik.

- Hər halda, siz bu uzun seriyaya son qoymaqla, milli çempionatımızın tarixinə düşdünüz...
- Mən bilmirəm ki, harasa düşmüşəm, ya yox. Sadəcə, hər dəfə meydana çıxanda, qol vurmaq istəyirəm.

- Doroşev çempionatda 951 dəqiqədir qol buraxmırdı. Onun 1000-ə çatmasına 49 dəqiqə qalırdı və buna siz imkan vermədiniz...
- Üzülməyə dəyməz. Ola bilsin ki, onun hələ belə, bundan da uzun seriyası olacaq.

- Paveli çempionatın iştirakçıları arasında ən yaxşı qapıçılardan sayırsınız?
- Onun ən yaxşı qapıçılardan biri olub-olmadığını bilmirəm. Buna mən qərar verməməliyəm.

- Bir hücumçu kimi, sizin üçün qol vurmaq baxımından ən çətin qapıçı kimdir?
- Müdafiəsi yaxşı olan komandanın qapıçısı. Ona qalsa, bizim də yaxşı qapıçımız var. Rəqiblər qol vurmaqda çətinlik çəkir. Əgər sənin günündürsə, qapıda istəyirsən lap Canluici Buffon dursun, istənilən halda, qol vuracaqsan. Hər görüşdə həm qapıda, həm də hücumda daha yaxşı oynamağa çalışırıq. Kimin güclü olub-olmadığını isə mən müəyyənləşdirmirəm.

- Vurduğunuz 9 qolla bombardirlər yarışında lider Bahodir Nasimovun ən yaxın izləyicisiniz. Ona çatmaq şansını necə dəyərləndirərdiniz?
- Mənim üçün bombardirlik vacib deyil. Əsas odur ki, komandamız yaxşı oynasın, nəticə qazansın.

- Elə isə cari mövsümdə komandanızın şanslarınızı necə dəyərləndirərdiniz? Yəqin ki, “altılığ”a düşməyinizlə razılaşarsınız...
- Biz hələ bunu rəsmiləşdirməmişik. Qarşıda hələ çox oyunlar var. Əsas mübarizə hələ irəlidədir. Hazırda tutduğumuz 3-cü yer yaxşı nəticədir və sonda ən azı orada olsaq, bunu uğur sayıram.

- Ölkəmizdə oynadığınız yarım ildə yığmanıza çağırılmamısınız? Milliyə dəvət olunmaq perspektivinə necə baxırsınız?
- Əvvəllər bir neçə dəfə çağırılmışam. Fikrimcə, belə qol vurmağımı davam etdirsəm, yenidən Litva millisinə dəvət olunaram.

Mehman SÜLEYMANOV