“100 dollara görə adamın üstünə hücum edib, dava salmaq ayıbdır”
20.12.2010 - 18:40
“100 dollara görə adamın üstünə hücum edib, dava salmaq ayıbdır”
“Turan”la oyundan sonra rəqib futbolçu Muammer Erdoğdu ilə aramızda problem yarandı. Onun kobud davranışı insidentə səbəb oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun futbolçusu Elnur Abbasov deyib.

Vaxtilə bütün yaş qruplarından ibarət Azərbaycan yığmalarında oynayan, hətta əsas milliyə cəlb olunan 26 yaşlı müdafiəçi cari mövsümdən “Simurq”da forma geyinir. “Bakı”da və millidə rəhbərliyi altında çıxış etdiyi Qyoko Hacıyevskinin dəvəti ilə Zaqatala təmsilçisinin heyətində yer alıb.

Hesabat turunda “Turan”la Tovuzdakı matçdan sonra kütləvi qalmaqal düşüb ki, bunda da Abbasovun adı hallanır: “Yayda “Turan”da baxışda olanda indi komandada olmayan moldovalı futbolçudan butsu almışdım. Bundan sonra “Qəbələ”yə transfer vərəqimi almağa getdim. Həmin vaxt butsuya görə mənim yerimə 100 dolları verən Muammer bizi uda bilmədikləri üçün oyundan sonra hirsli idi. Oyundan sonra pulu istəyəndə dedim ki, indi üstümdə yoxdur, sabah Bakıya gedəndə verərəm. Çünki həmin günü klubdan məvacibimizi verəcəkdilər. Erdoğdu bununla razılaşmadı və üstümə hücum etdiyindən, dava düşdü. Məni vurdu. Cavabını verəndə insident düşdü. Səhv məndə olub ki, gərək pulu vaxtında verəydim. Vəziyyətin bu həddə çatmasını istəməzdim”.

Abbasovun fikrincə, 100 dollar dava üçün bəhanə olub və problem rəqibin qələbəni əldən verməsi ilə bağlıdır: “Pulu verəcəkdim. Az-çox futbol oynamışam. Məni tanıyanlar bilir ki, necə insanam. 100 dollar nə puldur ki... Ancaq buna görə adamın üstünə hücum edib, dava salmaq ayıbdır. Adımın belə şeylərdə hallanmasını istəmərəm. Sadəcə, “Turan” bizə qalib gələ bilməmişdi və bütün acıqlarını məndən çıxdılar. Əsl problem bundadır. Onlar bunu etiraf etsələr, yaxşı olardı. Pula gəlincə, verəcəyəm. “Turan”ın futbolçuları bu həftə Bakıya gəlirlər və 100 dolları çatdıracağam”.

Qeyd edək ki, “Turan” bu il son oyununda dekabrın 23-də “Neftçi”nin qonağı olacaq.