Mahir Şükürovla problemi olan məşqçi “Anji”dən ayrıldı
21.12.2010 - 10:23
Mahir Şükürovla problemi olan məşqçi “Anji”dən ayrıldı
Ukraynalı məşqçi Andrey Qusinin həmyerlimiz Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubundan gedişi reallaşıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi bu ilin martında gələn 38 yaşlı çalışdırıcı ilə müqaviləni qarşılıqlı razılıqla pozub.

Qusin uzun illər oynadığı Kiyev “Dinamo”sunun təklifini qəbul edərək, vətəninə dönüb. “Anji”nin baş məşqçisi Hacı Hacıyev əsas köməkçisi postunun boşaldığını təsdiqləyib: “Qusinin “Dinamo”nun prezidenti İqor Surkislə söhbəti oldu. O, ya “Dinamo-2”ni, ya da əvəzedici heyəti qəbul edəcək. Andreyin sonda hara gedəcəyini bilmirəm. İstənilən halda, istedadlı məşqçidir. Qusinə uğurlar arzulamaq qalır. Onun yerinə namizədlər var, ancaq qərar hələ qəbul olunmayıb”.

Qeyd edək ki, Qusinin gedişi ilə Şükürovun “Anji”də bir problemi həll olundu. Belə ki, ukraynalı məşqçi ilə futbolçumuz arasında problem vardı. İndiki vəziyyətdə Mahirin “Anji”də qalmaq ehtimalı yüksəlir və klubun borcları ödəməsi ilə hər şeyin tam yoluna qoyulacağı gözlənilir.