Əfran İsmayılov siyahıya alınmadı
21.12.2010 - 10:56
Əfran İsmayılov siyahıya alınmadı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, klublarda və yığmada vurulan qolların nəzərdə tutulduğu 80 nəfərlik sıralamaya Samuel Eto’O başçılıq edir.

İtaliyanın “İnter” klubunun və Kamerun yığmasının hücumçusunun hesabında 17 qol var. Bunlardan səkkizi millidə, doqquzu klubunda Çempionlar Liqası (ÇL) oyununda vurulub. Onun ən yaxın izləyicisi 16 qol vuran David Vilyadır. “Barselona”nın və İspaniya millisinin hücumçusu 10 dəfə yığmada, 6 dəfə klubda ÇL matçında sevinib.

Siyahıda 5-ci Azərbaycan çempionatının bombardiri olmuş Valter Quqlemonun kiçik qardaşı Edison Kavanidir. İtaliyanın “Napoli” klubunun və Uruqvay yığmasının hücumçusu 14 qol vurub. Millidə 7, klubda 7.

Türkiyənin siyahıda yeganə təmsilçisi Arda Turandır. 38-ci olan “Qalatasaray”ın 23 yaşlı kapitanının hesabında 8 qol var (yığmada 5, klubda 3). Onun ən yaxın izləyicisi Dortmund “Borussiya”sının hücumçusu Lukas Barriosdur. Paraqvay yığmasının heyətində DÇ-2010-da oynayan futbolçu da Arda kimi 8 qol vurub. Sadəcə, yığmada az (4) vurduğundan Turandan gedir qalır.

Barrios “Borussiya”da 4 qoldan üçünü “Qarabağ”a Avroliqanın son təsnifat mərhələsində (2-ni Dortmundda, 1-i Bakıda) vurub.

Bu il sonuncu dəfə açıqlanan siyahıda təmsilçimiz yoxdur. Halbuki “Qarabağ”ın və millimizin 21 yaşlı yarımmüdafiəçisi Əfran İsmayılov son vaxtlar İFFHS-in sıralamasında yer alırdı. Əfran bu il beynəlxalq miqyasda biri yığmada, beşi “Qarabağ”da olmaqla, 6 qol vurub.

Ancaq avqustda çempionatımızın I turunda “Neftçi” ilə oyunda ağır zədələndikdən sonra hələ də oynamayan İsmayılov nəticədə qol sayını artırmaq imkanından məhrum oldu. İFFHS son siyahısında ən azı 7 qol vuran futbolçulara yer verdiyindən, Əfran mövqeyini itirdi.