Pavel Doroşev: Buna nail olsaq, məqsədimizə çatacağıq
21.12.2010 - 11:41
Pavel Doroşev: Buna nail olsaq, məqsədimizə çatacağıq
“Sadəcə, futbol oynayırıq, vəssalam. Buna görə də komanda uzun müddət idi ki, qapısından top buraxmırdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin qapıçısı Pavel Doroşev deyib.

Cari mövsümdə Premyer Liqanın ardıcıl 10 oyununda qapısını toxunulmaz saxlayan latviyalının seriyasına AZAL-la matçda son qoyuldu. Litvalı Qvidas Yuşkanın vurduğu top qarşısıalınmaz oldu. Ancaq Pavel buna görə təəssüflənmir: “Elə alınıb ki, son vaxtlar çıxışımız uğurlu alınır. Qarşımızda vəzifə var. Qalib gəlib, xal ehtiyatını artırmaq lazımdır. Qol buraxıb-buraxmamağıma diqqət vermirəm. Əsas nəticədir. Öz mövqeyimdə maksimum diqqətli olmağa çalışıram. Fikrimcə, bu pis alınmır”.

Doroşev çempionatın XIX turunun “Bakı” ilə dekabrın 23-də baş tutacaq qarşılaşması haqda da fikirlərini açıqlayıb: “Bizim bir hədəfimiz var: meydanı qalib tərk etmək. Bütün oyunlara bu məqsədlə çıxırıq. Müəyyən vəzifəmiz var, onu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Əsas odur ki, qələbə qazanaq. Buna nail olsaq, məqsədimizə çatacağıq”.