Samir Əliyev: Bu 2 qolumla dost-tanışlarımı susdurdum
21.12.2010 - 11:57
Samir Əliyev: Bu 2 qolumla dost-tanışlarımı susdurdum
“Turan”la oyundan sonra baş verən davanı görməmişəm. Çünki həmin vaxt yuyunurdum. Mən çölə çıxanda, ara sakitləşmişdi. Fikrimcə, orada güclü dava olmayıb. Sadəcə, bu insidenti şişirtdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun kapitanı Samir Əliyev deyib.

Hesabat turunda Tovuzda keçirilən “Turan” – “Simurq” (1:1) oyunundan sonra futbolçular arasında düşən davanı görmədiyini vurğulayan Əliyev meydan sahiblərinin qələbə arzusunu gözündə qoyub. Çünki məhz onun 49-cu dəqiqədə vurduğu qolla hesab bərabərləşdi və “Turan” qalan vaxtda qələbə topunu vura bilmədi: “Qazonun pis vəziyyətdə olması, futbolçuların işini çətinləşdirmişdi. Komandalar meydanda yalnız mübarizə aparırdı. “Turan” evdə oynadığından, mütləq qələbə qazanmalı idi. Meydan sahiblərinin xal itirməsi gözlənilməz oldu”.

Son vaxtlar yaxşı oyun göstərən Əliyev cərimə zərbələrindən vurduğu gözəl qollarla komandasına vacib 4 xal qazandırdı. Halbuki, hücumçu həmin 2 qola qədər bu il arxada qalan 11 ayda rəqib qapısına yol tapa bilməmişdi: “Artıq zədə problemim tam arxada qalıb. İndi özümü yaxşı hiss edirəm. 7-8 matçdır daim oynayıram. Nəticədə oyunumda artım yaranıb. Düzdür, indiki komandamda oynamaq çətindir. Çünki “Simurq”da futbolçuların çoxu gənc, təcrübəsiz olduğundan ustalıq səviyyələri aşağıdır. Bundan əlavə, mən əvvəlki kimi tək hücumda yox, yarımmüdafiənin mərkəzində oynayır, hücumların təşkilində iştirak edirəm. Ona görə də qol vurmaq imkanlarım az olur. Bunlar məhsuldarlığıma təsir edir”.

Samir hər 2 qolunu səfərdə – “Turan”a qədər “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda vurub. Nəticədə komandasına qələbə qazandıran (1:0) təcrübəli futbolçu cari çempionatın ən sensasiyalı nəticələrinin birinin memarı oldu: “Biri var ki, qol vursan da, komandan uduzur. Ancaq vurduğum qollarla nəticə qazandıq ki, bu daha da sevindiricidir. Özü də cərimə zərbələrimdən vurduğum hər iki qol gözəl alındı. Ancaq bunlar hələ heç nə demək deyil. Bilirsiniz, əsas nəyə görə sevinirəm? Yayda “Simurq”a keçəndə dost-tanışlarım, yaxınlarım deyirdi ki, bu kluba getməkdənsə, futbolu atmaq yaxşıdır. Ancaq belə fikirləşmirdim və yəqin ki, indi bu qollarımdan sonra onları susdurdum”.

Mehman SÜLEYMANOV