Jaba “Xəzər Lənkəran”a qələbə arzuladı
21.12.2010 - 12:05
Jaba “Xəzər Lənkəran”a qələbə arzuladı
“Qəbələ”ni mütləq məğlub etməliyik. Səfərdə qazanacağımız 3 xalın önəmini hamımız bilirik. Bu oyun bizim üçün son şansdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın braziliyalı hücumçusu Jaba klubunun rəsmi saytına açıqlamasında deyib.

“Zolaqlılar” XVIII turda evdə “İnter”ə 1:2 hesabı ilə uduzmaqla, “altılığ”a düşmək işini çətinləşdirdi. Jaba bütün çətinliklərə baxmayaraq, gələcəyə ümidlə baxır. Onun fikrincə, dekabrın 23-də səfərdə “Qəbələ” ilə oyunda tam güclə mübarizə aparmaq və qalib gəlmək lazımdır: “İnter”ə məğlubiyyətdən sonra turnir cədvəlinin ilk 6 komandası arasına düşmək üçün şansımız tükənmək üzrədir. İnşallah, bu oyunda qalib gəlib, “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə cənubluların qələbə qazanmasını arzulayacağıq. Qalib gələcəyimiz təqdirdə məqsədimizə çatacağıq. Bu zaman aramızda 2 xal fərqi qalacaq. Gələn turda isə “Qarabağ” “Qəbələ”nı qəbul edir. Bu oyunda da rəqiblərimizdən biri, bəlkə də hər ikisi mütləq xal itirəcək. Bu isə işimizə yaraya bilər”.

Qeyd edək ki, “Bakı”nın I dövrədə evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldiyi oyunda qələbə topunu penaltidən Jaba vurub.