AZAL-a xəbərdarlıq, “Turan”a ağır cəza
21.12.2010 - 15:47
AZAL-a xəbərdarlıq, “Turan”a ağır cəza
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Premyer Liqanın XVIII turu və ölkə kubokunun 1/8 final qarşılaşmalarında baş verən qanun pozuntularına hüquqi qiymət verilib.

"İnter"lə çempionat görüşündə meydandan qovulan "Bakı"nın futbolçusu Vadim Borets 1 oyunluq cəzaya, komandası isə 200 manat cəriməyə layiq görülüb. "Neftçi" ilə matçda 4 futbolçusu sarı vərəqə alan "Gəncə" 1000 manat ziyana düşüb.

"Simurq" qarşılaşmanın 72-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün “Turan” 2000 manat cərimə olunub. Oyundan sonra başda Muammer Erdoğdu olmaqla, bir neçə yerli futbolçu qonaq komandanın üzvü Elnur Abbasova xəsarət yetirib. Bu hadisənin baş verməsinin əsas səbəbkarı olan türkiyəli legioner Erdoğdunun digər futbolçuları da bu hadisəni törətməyə sövq etdiyini nəzərə alaraq, adıçəkilən futbolçu 5 oyunluq cəzalanıb, klub 3000 manat ziyana düşüb.
AZAL - "Qəbələ" matçının 62-ci dəqiqəsində meydançaya kənar şəxs girdiyi üçün oyun dayandırılıb. Lakin futbolçuların köməyi ilə həmin şəxs meydandan çıxarılıb. Analoji hadisənin gələcəkdə baş verməməsi üçün ictimai təhlükəsizliyin gücləndirməsi barədə AZAL klubuna xəbərdarlıq edilib.

Azərbaycan kubokunun 1/8 finalının "Bakı" - "Muğan" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 1000 manat ödəməli olacaqlar.

Mənbə: pfl.az