Elxan Məmmədov: Berti Foqtsun o vaxta qədər qalacağı bilinmir
21.12.2010 - 16:54
Elxan Məmmədov: Berti Foqtsun o vaxta qədər qalacağı bilinmir
Bu gün AFFA ilə Paşa Sığorta şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Apasport.az saytının məlumatına görə, “Landmark”ın “Rotunda” zalında keçirilən tədbir milli komandaların ən yaxşı futbolçularının mükafatlandırılma mərasimindən əvvəl baş tutdu. Bir illik müqaviləni AFFA-dan baş katib Elxan Məmmədov, qarşı tərəfdən qurumun baş direktoru Nofəl Rzayev imzalayıb. Bundan sonra tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim edib.

Məmmədov milli komandaların ən yaxşı futbolçularının mükafatlandırma mərasimindən sonra brifinq keçirdi. O, ilk öncə başa çatmaqda olan 2010-cu ili dəyərləndirdi.

- Bu il ən böyük uğurumuz ondan ibarətdir ki, FİFA 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsinə qərar verdi. Təbii ki, bu amil bizi çox sevindirir. Hesab edirəm ki, bu, Azərbaycan futbol, idman ailəsi üçün çox önəmli, əlamətdar, tarixi uğurdur. FİFA-nın qəbul etdiyi bu qərar bizi çox sevindirir. Bunu 2010-cu ildə futbolumuzda ən böyük hadisə sayıram. Milli komandanın oyunlarına gəlincə, bir misal çəkim. FİFA-nın reytinqinə baxsaq, 2 il öncə Azərbaycan yığması 142, indi 98-ci yerdədir. İlin sonunda “yüzlüy”ə düşməyimiz böyük nailiyyətdir.

- Futbolda uğur deyəndə, ilk növbədə milli komandalarımız yada düşür. Ancaq burda digər məsələlər – marketinq və digər sahələr də var. Yəqin ki, son vaxtlar bir sıra təşkilatların futbolun maliyyələşməsində iştirakı inkişafla bağlı ola bilər...
- Ümumiyyətlə, biz təşkilat olaraq, işimizi çox geniş şəkildə qurmağa çalışırıq. Bildiyiniz kimi, AFFA prezidenti Rövnəq Abdullayev futbolun inkişafı ilə bağlı üç əsas prioriteti dəfələrlə qeyd edib. Bu, təhsil, infrastruktur və kütləvi futboldur. Sonuncu istiqamət böyük bir inkişafdır. Bildiyiniz kimi, 3 il bundan qabaq Azərbaycanda 1500 futbolçu qeydiyyatdan keçmişdi. Ancaq hazırda bu rəqəm 14 mindən çoxdur. Onlar hər həftə futbol oynayırlar və təbii ki, bu, sağlam həyat tərzidir. Marketinq sahəsində işlərimizi görürsünüz. Başınızı yuxarı qaldırsanız, görərsiniz ki, artıq nə qədər tərəfdaş, sponsorlarımız var və bu, sevindirici haldır. Biz onlardan yalnız maliyyə dəstəyini xahiş etmirik. Ümumiyyətlə, onların futbolumuzun inkişafında iştirakı vacibdir. Hər təşkilatda minlərlə insan çalışır. Onlar da avtomatik futbola cəlb olunurlar.

- Dubaydakı yoldaşlıq görüşlərində rəqiblər dəqiqləşib?
- 2011-ci ilin fevralın 9-da Macarıstan yığması ilə Dubayda yoldaşlıq görüşü keçirəcəyik.

- Bəs ilkin razılıq əldə olunan Danimarka yığması ilə oyunun tarixinə aydınlıq gəldimi?
- Danimarka ilə danışıqlar davam edir. Çox güman ki, tarix yanvarın sonu – fevralın əvvəlində olacaq. Ancaq bu, hələ yüz faiz təsdiqlənməyib. Çünki orada bəzi nüanslar var. Bu, onların gəlişi, tarixin bizə uyğun gəlməsi ilə bağlıdır. Millimizin Dubaya gedişi yanvarın sonuna planlaşdırılıb. Ancaq Macarıstanla oyun artıq təsdiqlənib.

- Asiya təmsilçiləri ilə danışıqlar nə yerdədir?
- Sözün düzü, müxtəlif ölkələrlə danışıqlar aparırdıq, mütəmadi əlaqə saxlayırdıq. Ancaq hesab edirəm ki, artıq Macarıstan dəqiqləşibsə, Danimarka də yüz faiz təsdiqlənərsə, onda əlavə bir ölkə ilə oynamağa ehtiyac qalmır.

- Danimarka alınmasa, alternativ varmı?
- Alternativ hər zaman var. Bunu çox əminliklə deyə bilərəm.

- Keçən ildən fərqli, bu il nominasiyalarda dəyişiklik oldu. Yəni, qapıçı olmadı. Çox söz-söhbət gəzir ki, niyə qapıçını futbolçudan ayırırsınız. Gələn il ola bilərmi ki, hər hansı nominasiya əlavə olunsun?
- Keçən il Kamran Ağayev ən yaxşı qapıçımız olduğundan, belə nominasiyanı düşündük. Təbii ki, ona qiymət verməmək bir az ədalətsizlik olardı. Buna görə Kamrana qiymət vermək, məsələyə ədalətli yanaşmaq məqsədilə qapıçı nominasiyanı müəyyənləşdirdik. Bu il isə Mahirin millidə ən çox oyun nümayiş etdirdiyini hesabladıq, sabit oynadığını gördük. Hesab edirik ki, Şükürova qiymət verməmək üçün ədalətsiz olardı.

- Yığmanın baş məşqçisi Berti Foqts əsas hədəfin 2016-cı il Avropa çempionatının final mərhələsinə düşməyin olduğunu deyib. Ancaq siz hədəfin 2012-ci illə bağlı olduğunu bildirmisiniz...
- Mən ayrı bir açıqlamanı nəzərdə tutmuşam. Təbii ki, Foqts bir baş məşqçi olaraq milli üçün bir hədəf qoyur. Amma hələ bilinmir ki, Foqts həmin vaxta kimi yığmamızda qalacaq, ya yox. Buna görə, millimizdə gəncləşdirmə prosesi aparılır. Gələcəyin komandası təşkil olunur ki, növbəti illərdə bizi uğurla təmsil etsin. Biz yeni hədəfimizin 2012-ci ildə olduğunu bir ay əvvəl qeyd etmişdik. Sizə açıq deyim ki, hazırkı hədəfimiz Azərbaycanda dünya çempionatını peşəkar səviyyədə təşkil etməkdir. Biz bütün gücümüzü buna qoymuşuq. Hədəf hər zaman, ancaq daha real olmalıdır. Təbii ki, həmin layihəni hazırlayıb, təqdim etmək üçün vaxt lazımdır.

- Bu, populist açıqlama deyil ki?
- Gəlin, 2012-ci ili gözləyik, sonra açıqlamanı verərik.

- AFFA prezidenti Rövnəq Abdullayevin tədbirdə iştirak etməməyinin səbəbi nədir?
- Bu gün Milli Məclisin çox vacib iclasıdır və təəssüflər olsun ki, Rövnəq müəllim tədbirimizdə iştirak edə bilmədi. Ancaq onun sözünü mən çatdırdım.

- Milli ilə əlaqədar tədbirdə baş məşqçinin yoxluğu jurnalistləri maraqlandırır...
- Bilirsiniz, milli komandanı mükafatlandırmaq Berti Foqtsun işi deyil. Biz bunu mütləq bilməliyik. Çünki milli bütün il boyu baş məşqçiyə bağlıdır. Ancaq burda 90 oyunda fərqlənənlər seçilir. Özü də onları kimlərin seçdiyini unutmayın. Bunlar Premyer Liqa klublarının baş məşqçiləri və kapitanlarıdır. Qalan 2 səsdən biri Foqtsa, digər veteran futbolçumuz Ələkbər Məmmədova məxsusdur.

- Siz ilin futbolçusu seçimində kimə səs vermisiniz?
- Təəssüflər ki, mənim buna hüququm yoxdur.

Mehman SÜLEYMANOV