İlin son turu: 4 qızın 6 adaxlısı var
22.12.2010 - 00:50
İlin son turu: 4 qızın 6 adaxlısı var
"Xəzər Lənkəran"la "Neftçi" artıq ilk məqsədinə çatıb. Premyer Liqanın XVIII turunda qeydə alınan nəticələrdən sonra sözügedən cütlüyün final mərhələsində ilk "altılıq"da mübarizə aparacağı rəsmiləşdi. Digər 4 vəsiqənin sahibi isə qarşıdakı 4 turdan sonra bəlli olacaq.

4 qızın 6 adaxlısı var. AZAL, "İnter", "Qəbələ", "Qarabağ", "Bakı" və "Gəncə"ni irəlidə gərgin mübarizə gözləyir. Onların arasından ikisi mükafatlar uğrunda çəkişmədən kənar qalacaq.

Əslində, "bəxtsiz cavanlar"dan birinin "Gəncə" olacağını söyləyə bilərik. Lakin əyalət təmsilçisinin ən azı nəzəri baxımdan işin öhdəsindən gəlmək şansı var. Odu ki, futbolda hər cür sensasiyanın olma mümkünlüyünü göz önünə alaraq, gəncəliləri hesabdan silməyə tələsməyək.

AZAL. "Təyyarəçilər"in ilk "altılıq"la bağlı planları rəsmiləşməsə də, paytaxt klubunun oyundan kənar qalacağı inandırıcı görünmür. Ən azı ona görə ki, AZAL "Gəncə" üçün əlçatmazdı. Odu ki, Nazim Süleymanovun yetirmələri istəklərinə çatmaq üçün digər 4 komandadan ən azı birini qabaqlamalıdı.
"Təyyarəçilər" qarşıdakı 2 turda "altılıq" dəftərini bağlamalıdı. Çünki onları "Muğan"la səfər, "Gəncə" ilə isə ev matçı gözləyir. AZAL bu 2 oyundan 4 xal götürsə, böyük ehtimalla ilkin tapşırığın öhdəsindən gələcək. Əks halda, Süleymanovun komandası "uğursuzluq zolağı"na düşə bilər. Hər halda, "Muğan" və "Gəncə" kimi rəqiblərlə oyunlarda önəmli xallar itirən AZAL-ın təsnifat mərhələsinin son 2 turunda "Xəzər Lənkəran" və "Bakı"nı büdrətməsi çətin olar.

İNTER. Son çempionun narahatçılıq keçirməyə heç bir əsası yoxdu. Açığı, indidən əminliklə deyə bilərik ki, hər hansı fövqaltəbii olay baş verməsə, "İnter" ilk "altılıq"da qalacaq.
"Bankirlər"i qarşıda 3 asan oyun gözləyir ki, Kaxaber Sxadazenin komandasının bu matçlardan 9 xal toplamaması günah olar. Hər halda, "İnter" "Gəncə" və "Simurq"u evdə yenməlidi. MOİK-ə gəlincə, "hərbçilər"i sanballı bir məhəllə komandası udar. "İnter"i yalnız "Xəzər Lənkəran"la ev oyunu qayğılandırmalıdı. Çünki bu matç çempionluğa oynayan kollektivlər üçün önəmlidi.

QƏBƏLƏ. Toni Adamsın komandasının aqibəti böyük ölçüdə növbəti turda bəlli olacaq. Ümumiyyətlə, cümə axşamı "Qəbələ" evdə "Bakı"nı məğlub edə bilsə, həm öz, həm "Qarabağ"ın işini asanlaşdıracaq. Çünki eyni xala sahib bu kollektivlər üçün ən real təhlükə "Bakı"dı.
Qəbələlilər "zolaqlılar"ı üstələyə bilməsə, qış fasiləsindən döndükdən sonra ilkin olaraq, "Qarabağ"la üz-üzə gələcəklər ki, bu da iki kollektivdən birinin xal itirməsinə gətirib çıxaracaq. Bu isə ilk növbədə "Bakı"nın işinə yarıyacaq.
Amma "Qəbələ"nin təlaşa düşmək üçün ciddi səbəbi yoxdu. Çünki təsnifat mərhələsinin sonunda "Muğan" səfər, "Gəncə" ilə ev oyunları var və Toni Adamsın komandası bu oyunlardan ən azı 4 xal toplaya bilər.

QARABAĞ. "Qəbələ" ilə "Qarabağ"ın durumu oxşardı desək, yanılmarıq. Çünki hər ikisinin taleyi öz əlindədi və həm potensialları, həm də təqvim işlərinin öhdəsindən gələcəklərindən xəbər verir. Sabah ağdamlıları çətin sınaq gözləyir. Quran Qurbanovun komandasının "Xəzər Lənkəran" səfərindən qalibiyyətlə dönmək şansı elə də böyük deyil. Əvəzində "Qarabağ"ın "Qəbələ" və "Turan"la ev oyunları var. Hansı ki, Ağdam klubunun bu oyunlarda yenilməmək ehtimalı böyükdü. Üstəlik, "Gəncə" ilə səfər matçından da komanda arzu olunan nəticə ilə qayıda bilər.

BAKI. Yuxarıda qeyd etdiyimiz kimi, "Bakı"nın taleyinə böyük ölçüdə cümə axşamı aydınlıq gələcək. "Zolaqlılar" uduzacağı təqdirdə işləri qəlizləşəcək, amma qalib gəlsələr, ən azı "Qəbələ"yə badalaq vurmuş olacaqlar. "Qəbələ" - "Bakı" matçının heç-heçə başa çatmaq ehtimalı da var. Bu isə o deməkdi ki, komandalar hərəyə 1 xal götürüb, önlərindəki matçlara baxacaqlar.
Təqvim baxımından "Bakı"nın vəziyyəti faciəvi olmasa da, arada 5 xallıq fərq var. Düzdü, "Muğan"la ev, "Turan"la isə səfər matçlarından 6 xal toplamaq olar. Amma bu yetərli deyil. Üstəlik, "zolaqlılar"ın AZAL-la da səfər oyunu var.

GƏNCƏ. Debütantın "altılıq" uğrunda mübarizə aparması ölkə futbolu adına ürəkaçan bir mənzərədi. Amma gəncəlilərin yalnız nəzəri şansının olduğunu söyləməliyik. Çünki Fuad İsmayılovun komandasını qarşıda bir-birindən ağır 4 matç gözləyir. Açığı, "altılığ"ı qapıyan "Qarabağ"dan 8 xal geri qalan "Gəncə"nin "İnter", AZAL, "Qarabağ" və "Qəbələ" ilə oyunlardan sonra bu fərqi aradan götürəcəyi qətiyyən inandırıcı görünmür.

ŞAMO, “Ekspressfutbol” qəzeti