“4 qol buraxdım, fanatlar məni bağışlamadı” - MÜSAHİBƏ
23.12.2010 - 12:36
“4 qol buraxdım, fanatlar məni bağışlamadı” - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun transferə çıxardığı Denis Romanov Latviya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Latviya yığmasının üzvü Azərbaycan karyerasının alınmamağı ilə bağlı fikirlərini açıqlayıb.

- “Xəzər Lənkəran”ın sizi transferə çıxarmasını necə qarşıladınız?
- Bu haqda bir neçə gün əvvəl xəbər tutmuşam. Klub rəhbərliyinin bu addımı atacağını gözləmirdim.

- Onlarla söhbət etdiniz?
- Baş məşqçi ilə danışdım. Dedi ki, yaxınlarda komandaya yeni legionerlər gələcək və ehtiyatda əcnəbi qapıçı saxlamaq lazım deyil. Mənə əvəzedici komandada qalmaq təklif edildi. Təbii ki, bununla razılaşmadım.

- Gələcək karyeranızla bağlı nə düşünürsünüz?
- Bu haqda düşünməyə də vaxtım olmayıb. Hadisələr elə sürətlə cərəyan etdi ki, “Xəzər Lənkəran”da özümü göstərmək imkanım olmadı. Mən əvəzedici komandada qalıb imicimi korlamaq fikrində deyiləm. Hər halda, mən Latviya millisinin qapıçısıyam.

- Yəqin ki, “Xəzər Lənkəran”da qalmaq istəyərdiniz?
- Açıq deyim ki, burada uzun müddət qalmaq niyyətində deyildim. Lakin ən azı 2 illik müqaviləmin yarısını – bu mövsümü sona çatdıracağımı düşünürdüm. Bu, özüm üçün maraqlı idi. “Xəzər Lənkəran” çempionatın lideridir və qızıl medallar uğrunda mübarizədə onlara kömək edərdim.

- Çexiya və Rumıniya çempionluqları ilə yanaşı, kolleksiyanızı daha bir qızılla zənginləşdirmək istəyirdiniz?
- Əlbəttə. Lakin Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin əvəzləyicisi olmaq istəmirdim. Onun adı bəzi xarici klublarla yanaşı hallanırdı. Qərara almışdım ki, Kamranın komandada qalacağı halda, mən gedəcəyəm.

- Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?
- Təbii ki, bu Rumıniya və Çexiya birincilikləri ilə müqayisədə daha aşağı idi.

- Lənkəran haqda təəssüratlarınız necədir?
- Özümü orada əsgər kimi hiss edirdim. Həftənin 7 gününün 6-nı klub bazasında keçirirdik. Şəhər haqda isə heç nə deyə bilmərəm. Çünki bura əyalətdir. Çox çətin idi. Xüsusilə də psixoloji cəhətdən. Bakıda oynasaydım, nisbətən asan olardı.

- Bəs maliyyə baxımından narazı deyildiniz ki?
- Azərbaycanda bu planda problem yoxdur. Bütün şərtlər əladır. Müqavilənin bütün bəndləri də yerinə yetirilir. Lakin “Xəzər Lənkəran”da vəziyyət başqa mənada ağır idi. Çünki qarşısına yüksək hədəflər qoyan komanda daim diqqət mərkəzində, yəni təzyiq altındadır, bu da psixoloji çətinlik yaradırdı.

- Necə olur ki, digər həmyerlimiz Pavel Doroşevin Azərbaycan karyerası uğurlu alınır?
- Məsələ ondadır ki, onun çıxış etdiyi “Qəbələ” rəhbərliyi bütün nəticələri tam fərqli qəbul edir. Bu da oyunçular üzərində təzyiqin olmamağına şərait yaradır. “Xəzər Lənkəran” isə əsas rəqibləri ilə ayaqlaşmaq üçün daim heyətini yeniləməyə məcburdur. Bu komandada 2 mövsüm oynayan cəmi 1 legioner var. Digərləri isə yenilərdir.

- Komandanızın oyunlarına nə qədər tamaşaçı gəlir?
- Bizim oyunlara gəlsəniz görərsiniz ki, nə qədər azarkeşimiz var. Hətta matçların birində bu rəqəm 18 minə çatmışdı. Lakin onların futbola və komandaya münasibəti özünəməxsus tərzdədir. Futbolçuları təzyiq altında saxlayan amillərdən biri də azarkeşlərdir. Bu haqda mənə əvvəldən də xəbərdarlıq etmişdilər. Bir qarşılaşmada 4 qol buraxdım. Sonrakı matçlarda qapımı toxunulmaz saxlasam da, fanatlar məni bağışlamırlar.

- Azərbaycanda oynamağınız sizə nə verdi?
- Əminliklə söyləyə bilərəm ki, müsbət heç nə. Bilirəm ki, tezliklə “Xəzər Lənkəran”la üzülüşməliyəm. Mən hələ o qədər qoca deyiləm ki, istənilən təkliflə razılaşım.

- İndi planlarınız necədir?
- Əsas vəzifəm özümə yeni iş yeri tapmaqdır. Bu zaman hər şey yaxşı olacaq. Yaxınlarda Latviyaya qayıdıb formamı itirməmək üçün Riqanın “Skonto” klubu ilə məşq edəcəyəm.