“Boş-boş danışmaq əvəzinə, Rəşad Sadıqovu təbrik etsinlər”
23.12.2010 - 12:56
“Boş-boş danışmaq əvəzinə, Rəşad Sadıqovu təbrik etsinlər”
“Əskişəhərspor” azarkeşləri Azərbaycan millisinin ən yaxşı futbolçusu seçilən Rəşad Sadıqovun uğuruna biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, fanatlar 28 yaşlı müdafiəçimizə həsr olunan forum səhifəsinə kütləvi “basqın” edərək, Rəşadı təbrik etməyə tələsiblər. Orada əks olunan maraqlı fikirlər diqqətdən kənar qala bilməz.

Həmyerlimizi təbrik edən, ona uğurlar arzulayan onlarla, yüzlərlə türkiyəli Sadıqovun sevincinə şərik olublar. “Əskişəhərspor” azarkeşləri Rəşadla bağlı fikirlərini qısaca belə izah ediblər: “Təbriklər, Sadıqov, təbriklər. Sevirik səni”.

Həmyerlimizin pərəstişkarları onun ən yaxşı seçilməsinin sirrini də bilirlər. Çünki bu artıq hamıya məlumdur: “Rəşad meydana çıxırsa, hər şeyi ilə mübarizə aparır”.

Lakin Rəşadın uğuru “Əskişəhərspor”un azarkeşlərinə müəyyən təəssüf hissi də yaşadıb. Bu da klubun mövqeyi ilə bağlıdır: “Klubun rəsmi internet saytında Rəşada təbrik yazılacağını gözləyirdim. Amma haradadır, o təbrik? Danışmağa gəlincə, boş-boş çərənləyirlər. Amma öz futbolçusunu belə təbrik etməkdə acizdirlər. Heç olmasa, bizim yazdıqlarımızı görüb, Rəşadı təbrik etsinlər”.

Fanatlar komandanın baş məşqçisi Bülənt Uyğunun da “bostanına daş atıblar”: “Bülənt hoca deyir ki, müdafiə xəttinə oyunçu alınmalıdır. Vuçko və Sadıqov kimi arxa xətt oyunçuları meydana çıxacağı anı gözləyirsə, “dördlük” müdafiədə oturuşubsa, belə vəziyyətdə bu mövqeyə futbolçu alınırsa, Rəşad kimisinə haqsızlıq edilir. O, oynadığı matçlarda heç bir xətaya yol verməmişdi. Düşünürəm ki, müdafiə “Əskişəhərspor”un gücləndirməli olduğu ən sonuncu xətdir. Sadıqov kimi oyunçu həmişə “Əskişəhərspor”a lazımdır. Onu küsdürməməliyik”.