Nazim Süleymanov: Həmin qanunlar özünü göstərdi
23.12.2010 - 15:49
Nazim Süleymanov: Həmin qanunlar özünü göstərdi
“Futbolun yazılmamış qanunları var. Bu gün həmin qanunlar özünü göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Premyer Liqanın XIX turunun “Muğan”la oyunundakı məğlubiyyətdən sonra yetirmələrinin qol imkanlarını qaçırmasından təəssüflənib: “Hesabı açandan sonra ikinci qolu vurmaq üçün bir neçə imkanımız oldu. Lakin bunlardan istifadə edə bilmədik. Əvəzində rəqibimiz 3 qol vurub, qalib gəldi. “Muğan” bu qarşılaşmada yaxşı oynadı”.

“Muğan”ın baş məşqçisi Bəhmən Həsənov isə qələbənin əsl səbəbkarı kimi yetirmələrini görür: “Bu qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Onlar bu gün həqiqətən də yaxşı oyun göstərdilər. Elə bunun sayəsində də qalib gəldik”.

Qeyd edək ki, AZAL-ın hesabı açdığı qarşılaşmada meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.