“Abşeron” Bakıda 1, Türkiyədə 4 oyun keçirəcək
27.12.2010 - 17:23
“Abşeron” Bakıda 1, Türkiyədə 4 oyun keçirəcək
Azərbaycan çempionatının I divizionunun lideri “Abşeron” klubunun qış fasiləsindəki hazırlıq planı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 12-də bir araya gələcək Mirbağır İsayevin yetirmələri ilk 10 gün ərzində Bakıda hazırlıq keçəcək.

Bu müddətdə fiziki və texniki-taktiki hazırlığına xüsusi diqqət ayrılacaq. I divizion təmsilçisi paytaxtda 1 yoxlama görüşündə də qüvvəsini sınayacaq.

Bundan sonra Türkiyənin Antalya bölgəsinə yollanacaq “Abşeron” yanvarın 23-dən fevralın 4-dək ölkə xaricində hazırlaşacaq. Komandanın “Kaya Bələk” otelində məskunlaşacağı gözlənilir. Türkiyədə baş tutacaq təlim-məşq toplantısı çərçivəsində “Abşeron” 4 yoxlama matçında qüvvəsini sınayacaq. Rəqiblərin adları hələ konkret bilinməsə də onlar arasında Rusiya və Ukraynanın I divizion komandaları, Rumıniya və Bolqarıstanın güclülər dəstəsi komandalarından olacaq.

Qeyd edək ki, “Abşeron” I dövrənin 13 oyununda 35 xal toplayaraq I divizionun lideridir.