Jaba: “Bakı” qol vura bilmirsə, ancaq məni günahlandırmaq olmaz
07.03.2011 - 12:33
Jaba: “Bakı” qol vura bilmirsə, ancaq məni günahlandırmaq olmaz
“Çox önəmli oyundur. Yaxşı məşq etmişik, və yarımfinala yüksəlmək istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.

Paytaxt təmsilçisinin əsas qol ümidi olan braziliyalı futbolçu ötən həftə rəqib meydanında qeydə alınan heç-heçə haqda danışarkən, bunun üstünlük olmadığını, əksinə, təhlükəli olduğunu qeyd edib. “Sambaçı” istənilən qollu heç-heçənin rəqibin işinə yarayacağını, buna görə də oyun zamanı daha çox hücum etməli olduqlarını qeyd edib: “0:0 hesabı bizim üçün üstünlük deyil. Oyun 1:1 və ya 2:2 hesabı ilə bitsə, mərhələ adlayan rəqib olacaq. Buna görə də biz fərqli oynayacağıq. Meydana 2 hücumçu ilə çıxacağımız dəqiqdir. Bu da daha çox hücum etməyə hesablanıb”.

Çempion olmaq şanslarının aşağı olduğunu vurğulayan Jaba buna görə, kuboku qazanmağa məcbur olduqlarını söyləyib: “Ölkə kubokunun sonuncu sahibi bizik. Yenə də kuboku özümüzdə saxlamaq istəyirik. Bu gün ölkə çempionatında gərgin mübarizə gedir. “Neftçi”, “Xəzər Lənkəran” çox güclü rəqiblərdir. Buna görə də diqqətimizi kuboku qazanmağa yönəltməliyik”.

Son vaxtlar hücum xəttində olduqca “dişsiz” görünən paytaxt təmsilçisi ən yaxşı halda 1 qol vurur. Təbii ki, “Bakı”nın əsas qol ümidi olan Jabadan buna aydınlıq gətirilməsini istədik: “Mən təkəm, futbolu isə 11 nəfərlə oynayırıq. Bu gün müdafiə xəttində yaxşı təsir bağışlayırıq. Ancaq qol vurmaqda çətinlik çəkirik. Yəni komanda tək məndən ibarət deyil. Ona görə də qol vurulmadı deyə, ancaq məni günahlandırmaq olmaz”.
0