11:1 hesablı qələbəyə sevinən rəqib
04.05.2011 - 16:12
11:1 hesablı qələbəyə sevinən rəqib
Azərbaycan və Makedoniya milliləri beynəlxalq miqyasa eyni vaxtda çıxıblar. Apasport.az saytının məlumatına görə, avqustun 10-da Bakıda yoldaşlıq görüşü keçirəcək yığmalar 1994-cü ildə FİFA və UEFA-ya üzv olandan sonra Avropada çıxışa başlayıblar.

Bu, Avro-94-ün seçmə mərhələsində olub. Ancaq buna qədər milli komandalar yoldaşlıq görüşləri keçirdiklərindən, tarixləri daha əvvələ gedir. Bu mənada Azərbaycan Makedoniyadan 1 yaş böyükdür. Belə ki, millimiz ilk oyununu 1992-ci ilin sentyabrın 17-də (səfərdə Gürcüstana 3:6 hesablı məğlubiyyət), makedoniyalılar 1993-cü ilin oktyabrın 13-də (səfərdə Sloveniya üzərində 4:1 hesablı qələbə) keçirib.

Bizdən fərqli, rəqibin seçmə mərhələdə debütünü uğurlu saymaq olar. Çünki millimiz Avro-94-də 1 xalla qrup sonuncusu olduğu halda, Makedoniya 4 xalla 6 komanda arasında 4-cü qərarlaşıb. Ancaq onlar bundan sonra 3 seçmə mərhələdə də həmin yerdən yuxarı qalxa bilməyərək, heç pley-offa da vəsiqə qazana bilməyib.

Eyni sözləri dünya çempionatının seçmə mərhələlərinə də aid etmək olar. Fərq ondadır ki, biz də belə aqibətlə üzləşsək də, qrup sonuncusu olmamağa çalışırıq, makedoniyalılar isə qrupda orta yerlərdə qərarlaşırlar.

Makedoniya yığmasının seçmə mərhələlər tarixində ən yaxşı dövrü isə bizə yaxşı tanış olan Qyoko Hacıyevskinin vaxtında olub. “Bakı” ilə Azərbaycan çempionu olan, cari mövsümdən isə Zaqatalanın “Simurq” klubunu çalışdıran Hacıyevski 1996-99-cu illərdə millisinin baş məşqçisi olub. Belə ki, Makedoniya yığması tarixində ən çox xalı məhz onun vaxtında qazanıb. Hətta yığma Hacıyevski ilə qrupunda 2-ci yeri tutaraq, 1998-ci ildə Fransadakı dünya çempionatının final mərhələsinə çıxmağa yaxın olub. Bunun üçün son 2 oyunda Litvaya qalib gəlmək lazım idi. Ancaq Hacıyevskinin komandası zəif rəqibə həm səfərdə, həm də evdə uduzaraq, qrupda mübarizəni 4-cü yerdə bitirib. 56 yaşlı məşqçinin də bundan sonra yığma karyerası yekunlaşır.

Rəqibimizi 2009-cu ildən Mirsad Yonuz çalışdırır. Makedoniya millisinin heyətində ən çox oyun keçirən hazırkı kapitanı Qoçe Sedloskidir (100). Onun bombardiri də indi millidə oynayaraq, lideri Qoran Pandevdir. Makedoniyalılar FİFA-nın reytinqində də bizi üstələyir. Belə ki, onlar 85-ci olduğu halda, biz 107-ci pillədə yer almışıq.

Makedoniya tarixində ən böyük hesablı məğlubiyyəti son rəqibimiz olan Belçikadan alıb. Bu, 1995-ci ilin iyunun 7-də Skopyedə 0:5 hesablı ilə olub. Maraqlıdır ki, həm biz, həm makedoniyalılar tarixində ən böyük hesablı qələbəni eyni rəqib – Lixtenşteyn üzərində qazanıb. Ancaq rəqibin qələbəsi daha imanlı, dünya futbol tarixində nadir hallarda təsadüf edən olub – 11:1. Özü də bizdən fərqli onlar bunu 1996-cı ilin noyabrın 9-da səfərdə qazanıb.

Millimiz isə 1998-ci ilin oktyabrın 14-də Lixtenşteynin paytaxtı Vadutsda tarixində ən acınacaqlı məğlubiyyətini (1:2) alıb. Bundan 1 il sonra - 1999-cu iyunun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda “cırtdan ölkə”nin təmsilçisi üzərində 4:0 hesablı qələbə həm bəraət, həm də ən böyük hesablı qələbəni qazandığımız oyundur. Millimizin 17 ildir oynadığı seçmə mərhələlərdə başqa böyük hesablı qələbəsi olmayıb.

Mehman SÜLEYMANOV
0