“İmkan vermərəm ki, kimsə mənə çatsın”
10.08.2011 - 13:00
“İmkan vermərəm ki, kimsə mənə çatsın”
Azərbaycan yığmasının sabiq kapitanı, hazırda klubsuz olan Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan çempionatı start götürsə də, hələlik yeni klubunuz bəlli deyil. Bu nə ilə əlaqədardır?
- Düzü, bu sual məni də çox düşündürür. Çempionat başlansa da, hələ də yeni klubum müəyyənləşməyib. Hazırda variantlarım var. Yaxın bir iki gündə karyeramda yeniliklər olmalıdır.

- “Kəpəz”ə dönüşünüz hansı səbəblərdən baş tutmadı?
- Mən “Kəpəz”in heyətində çox uğurlar qazanmışam. 21 illik karyeramın müəyyən hissəsi bu komandaya bağlıdır. Əlbəttə ki, başqa klublarda nə qədər nailiyyət əldə etsəm də, “Kəpəz”in karyeramda yeri başqadır. İstəyirdim ki, futbola elə başladığım yerdə “əlvida” deyim. Amma alınmadı.

- Komandanın baş məşqçisi Mehman Allahverdiyev sizi sərəncamında görmək istəyirdi. Bəlkə, rəhbərlik dönüşünüzdə maraqlı olmayıb...
- “Kəpəz”də oynamaq və orada futbolla vidalaşmaq arzusunu başımdan çıxarmalıyam. Düzdür, mən Gəncəyə qayıtmağa can atırdım. Amma indiyədək özümü hansısa kluba təklif etməmişəm. Ancaq mənə dəvətlər gəlib və bunu dəyərləndirmişəm. Karyeramın son dövrlərində də heç kimə ağız açmaq fikrim yoxdur.

- Azərbaycanda ən titullu futbolçusunuz. Olmazdı ki, “Bakı”dan ayrıldıqdan sonra karyeranızı bitirəsiniz?
- “Bakı”da əvvəlcə işlərim qaydasında gedirdi. Bildiyiniz kimi, daim oynayırdım. Amma sonradan ehtiyat oyunçular skamyasında oturmağa məcbur oldum. Nəticədə komandadan ayrıldım. Düzdür, mən Azərbaycanda iddialı klubların formasını geyinmişəm. Lakin futbolla ehtiyat oyunçular skamyasından vidalaşmaq fikrim yoxdur.

- Siz futbolu pul, yoxsa karyera xətrinə atmaq istəmirsiniz?
- Mən pulsuz dövrdə çox futbol oynamışam. Əgər pulu karyeradan vacib tutsaydım, elə həmin vaxt sənətimi dəyişərdim. Futboldan doymuram, oynaya-oynaya vidalaşmaq niyyətindəyəm.

- Maraqlıdır, 38 yaşlı Qurbanovla iddialı komandalar maraqlanırmı?
- Mənim üçün futbol oynamaq maraqlıdır. Düzü, hazırda iddialı klublardan dəvət almamışam. Yəqin ki, ortabab klubların birinin formasını geyinəcəyəm.

- Sizin üçün bölgədə və ya paytaxtda oynamağın fərqi varmı?
- Futbola Gəncədə başlamışam. Bundan sonra digər bölgə klubları “Şəmkir” və “Xəzər Lənkəran”ın da uğurları üçün çalışmışam. Yəni, həm bölgə, həm də paytaxtda oynamışam. İndi isə çox güman ki, Bakıdan çıxmaram. Ailəyə də vaxt ayırmaq lazımdır. Artıq uşaqlar da böyüyüb. Onları məktəbə aparıb-gətirmək lazımdır. Bunların hamısı şərtdir.

- Azərbaycan çempionatında bir çox rekordlar müəllifisiniz. Ən çox çempion olmaqla yanaşı, milli çempionatın ən çox oyun keçirən üzvüsünüz. Sizcə, yaxın gələcəkdə bu rekordu kim yeniləyə bilər?
- İndi Azərbaycan çempionatında oyunların sayı artıb. Yəqin ki, futbolçular mümkün qədər çox meydançada olmağa çalışacaqlar. Odur ki, dünyada rekordlar əbədi deyil. Məndən sonra Aslan Kərimov və Aqil Məmmədov gəlirlər. Aqil çempionatın ilk oyununda meydançaya çıxdı. Kərimov da oynayan məşqçi olduğundan, hələ də göstəricisini yaxşılaşdıra bilər. Amma heç kimə imkan vermərəm ki, mənə çatsın (gülür).

- Bəlkə, Aslan Kərimovun yolu ilə gedib oynayan məşqçi olasınız. Hər halda, bu futbolun son, məşqçiliyin ilk pilləsi olar. Bu variantı nəzərdən keçirmisiniz?
- Düzü, bu variantı düşünmüşəm. Onsuz da karyeramı qurtardıqdan sonra məşqçiliklə məşğul olacağam. Hər hansı bir klubda oynayan məşqçi olmaqla bu sahədə ilk addımlarımı da ata bilərəm. İnşallah, yaxın iki gündə bütün arzularımı həyata keçirməyə çalışacağam.

- Yəqin ki, Premyer Liqanın ilk turunu izlədiniz. Sizcə, bu ilki çempionat nə vəd edir?
- İddialı klublar çempionat oyunlarına yaxşı hazırlaşıblar. Fikrimcə, ilk tur debütlərlə əlamətdar oldu. Məncə, başlanğıcda heç bir sensasiya qeydə alınmadı. Qələbəyə layiq komandalar aktivlərinə üç xal yazdılar. İndidən komandaların imkanları barədə nəsə danışmaq olmaz. Çempionat güzgüsü hər şeyi aydın göstərəcək.

- Milli komandamız bu gün Makedoniya ilə keçirəcəyi yoxlama görüşündə qələbə qazana biləcəkmi?
- Yoxlama görüşü olduğuna görə, nəticə bir o qədər önəmli deyil. Nə qədər etsən də yoxlama görüşündə seçmə mərhələdə olduğu kimi oynaya bilmirsən. Amma bu gün Azərbaycan xalqına qələbə çox lazımdır. Məncə, klubların avrokuboklardakı uğursuz çıxışından sonra millimizin qələbə qazanması vacibdir. Makedoniya ilə çox oynamışıq. Onlara qarşı mübarizə aparıb, qələbə qazanmaq olar. Bu görüşdə komandamıza uğurlar və qələbə arzulayıram.