Zaur Əzizov: Müəyyən məbləğə bu məsələni həll etmişik
10.08.2011 - 13:16
Zaur Əzizov: Müəyyən məbləğə bu məsələni həll etmişik
“Diarranın transferi ilə bağlı məsələ hələ açıq qalır. Biz “Partizan”ın hücumçusundan cavab gözləyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

Cari mövsümdə iddiası xeyli artan “Qəbələ” heyətini gücləndirib və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bunun üçün daha bir hücumçunu transfer etməyi nəzərdə tutan qəbələlilər Belqrad “Partizan”ının seneqallı futbolçusu Lamine Diarranı sıralarında görmək istəyir.

Hətta Əzizov bu məsələ ilə Belqrada yollanaraq, danışıqlar aparıb. Onun sözlərinə görə, serblər “Qara Mamba” ləqəbli 27 yaşlı legionerin keçidinin reallaşmasına razılığını veriblər: “Partizan” hələ 1 illik müqaviləsi qalan Diarranı buraxır. Biz müəyyən məbləğin müqabilində bu məsələni həll etmişik. İndi əsas söz seneqallı futbolçuya məxsusdur. Biz ona müəyyən məbləğ qarşılığında 3 illik müqavilə təklif etmişik. Ancaq Lamine hələ bizə razılıq verməyib ki, bu da maddi məsələlərlə bağlıdır. Ondan bu həftəsonuna kimi cavab gözləyirik. Əgər komandamıza gəlməsə, mövsümə hazırkı heyətimizlə davam edəcəyik. Diarrının transferi alınmasa, onun yerinə başqa hücumçu almağımız gözlənilmir. Çünki hazırda danışıq apardığımız futbolçu yoxdur”.

Qeyd edək ki, “Qəbələ” mövsümlərarası fasilədə artıq bir seneqallı hücumçu transfer edib. Bu, “Bucaspor”un heyətində Türkiyə Superliqasında çıxışı ilə tanınan Viktor Mendidir.

Mehman SÜLEYMANOV