AZAL-dan həm etiraz, həm də xahiş
11.08.2011 - 16:20
AZAL-dan həm etiraz, həm də xahiş
“Son vaxtlar idman mətbuatında komandamızla bağlı səhv və qərəzli məlumat yayılır. Ölkə çempionatının I turunun “Simurq”la oyunundan sonra klub prezidenti Vaqif Qasımovun komandadaxili problemlərdən danışarkən dediyi sözlərin təhrif olunaraq, oxuculara çatdırılması, bizdə hədsiz narazırlıq yaradıb”. Apasport.az-ın xəbərinə görə, bu fikirlər AZAL Futbol Klubunun rəsmi saytında yerləşdirilib.

Ölkə mətbuatında yazılanlara etirazını bildirən paytaxt təmsilçisi bunu komandaya qarşı qərəzli mövqe hesab edir: “Komandamızın prezidenti Vaqif Qasımov guya “Simurq”la oyunqabağı yaranmış problemlər haqda fikrini bildirərkən “gördüm ki, oyunçu yoxdur, Nuqzarı qoydum müdafiəyə” ifadəsini işlədib. Halbuki, Vaqif Qasımov bu fikirləri umumi mənada işlədib və məşqçilərin heyətlə bağlı problemlərlə üzləşdiyini, onların bəzi oyunçuların mövqeyində etdiyi məcburi dəyişiklikləri söyləyib. İş ondadır ki, həmin açıqlamını götürən müxbirin Vaqif Qasımovun həqiqətən də həmin ifadəni işlətdiyinə dair heç bir sübutu da yoxdur. Klubumuzun mətbuat xidmətinin apardığı araşdırma da bunu təsdiq etdi. Bu səbəbdən məlumatın heç bir dəqiqləşdirmə aparılmadan bütün idman qəzet və saytlarında olduğu kimi dərc olunmasını, bəzi idman yazarlarının deyilməyən sözlərlə komandadaxili ab-havanı korlamağa çalışmasını və bunu rəhbər-məşqçi qarşıdırması kimi təqdim etmək istəməsini, AZAL PFK-ya qarşı qərəzli mövqe hesab edirik”.

Etirazla yanaşı, yazının sonunda mətbu orqanlardan bu anlaşılmazlığın aradan qaldırılması xahiş edilir: “Mətbuata və jurnalistlərin peşə bacarıqlarına bir daha hörmətimizi bəyan etməklə bərabər, bir müxbirin diqqətsizliyi nəticəsində yol verdiyi xətanın düzəldilməsini xahiş edirik”.