Mais Mənsimov: Komandamızı belə vasitələrlə sarsıtmaq istəyirlər
14.11.2011 - 22:57
Mais Mənsimov: Komandamızı belə vasitələrlə sarsıtmaq istəyirlər
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi

- Mais müəllim, klubda son durumu necə xarakterizə edə bilərdiniz?
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” cari mövsümə uğurlu start verdi. Çempionatın başlanğıcından etibarən turnir cədvəlinin zirvəsində qərarlaşmışıq ki, bu da komandamızın yaxşı oyun sərgilədiyinin əyani sübutudur. Sevindirici haldır ki, Avroliqanı tərk etdikdən sonra komandamız qısa müddətdə toparlanmaqla yeni mövsümə köklənməyi bacardı.

- Premyer Liqanın axırıncı turundakı məğlubiyyətdən sonra mətbuatda komanda barəsində ziddiyyətli məlumatlar yer alıb. Prezident kimi, klubdaxili hazırki vəziyyəti dəyərləndirməyinizi xahiş edirik.
- Həmin oyundan dərhal sonra komandanın ümumi toplantısı keçirildi. Orada məşqçi və oyunçu heyəti tam tərkibdə iştirak etmişdi. Toplantıda şəxsən komandanın zəif çıxışı ilə bağlı narazılığımı bildirdim. Öz növbəsində məşqçi heyəti söz verdi ki, buraxılan səhvlər təhlil ediləcək və gələcəkdə təkrarlanmayacaq. Böyük hesablı məğlubiyyətə dərhal reaksiya verməyimizin səbəbi odur ki, “Xəzər Lənkəran” hər zaman yalnız çempionluğa oynayan bir klubdur və komandanın göstərdiyi nəticələr onun iddiasını əks etdirməlidir.

- Yayılan şayiələrdə adı ən çox rast gəlinən qapıçı Kamran Ağayevdir. Onun baş məşqçi Mirça Redniklə münaqişədə olduğu bildirilir. Həmçinin onun komandadan gedişi ilə bağlı müxtəlif, bir-birini təkzib edən məlumatlar mətbuatda yer alıb. Bütün bunlarla bağlı fikrinizi bilmək istərdik.
- Elə bu gün Kamranla görüşüm olub. O, mənə məşqçi ilə heç bir probleminin olmadığını bildirdi. Öz növbəsində Mirça Rednik də bunu təsdiq edir. Odur ki, münaqişə haqda olan məlumatlar qətiyyən həqiqəti əks etdirmir.
Kamran Ağayev artıq neçə mövsümdür ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyur. Məhz burada o, yüksək səviyyəli qapıçı kimi formalaşıb, milli yığmamızın bir nömrəli qapıçısı olub. Özü də bunu yaxşı anlayır. Onu deyə bilərəm ki, bugünkü görüşümüzdə Kamran klubla müqaviləsinin artırılmasını məndən xahiş etdi. Beləliklə, Kamran 2014-cü ilin yayına qədər “Xəzər Lənkəran”a məxsus futbolçudur.

- Sizcə, bu cür şayiələrin yaranmasının səbəbi nədir?
- Hesab edirəm ki, belə şayiələrin yaranması təsadüfi deyil. Bunların arxasında müəyyən dairələr durur. O dairələr ki, “Xəzər Lənkəran”ın uğurlu startından, yaxın izləyicisindən vaxtilə 7 xala qədər olan fərqindən qorxaraq komandamızı belə qeyri-idman vasitələrlə sarsıtmaq istəyirlər. Amma “Xəzər Lənkəran”da hökm sürən komanda ruhuna bu cür cəhdlər təsir edə bilməz. Komandamız həmişə olduğu kimi, yenə də meydanda göstərdiyi oyunla öz sözünü deyəcək.

Mənbə: lankaranfc.com
0