“O, mənə dedi ki, Jaba olduğunu meydanda göstərməlisən”
15.11.2011 - 15:24
“O, mənə dedi ki, Jaba olduğunu meydanda göstərməlisən”
“Özümü indi daha yaxşı hiss edirəm. Buna çoxdan hazır idim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.

Qışda Aleksandr Starkovun baş məşqçi təyin edilməsindən sonra ulduzları heç cür barışmayan latviyalı çalışdırıcı ilə braziliyalı hücumçu yayda yollarını ayırmalı oldu. Belə ki, Starkovun istəyi əsasında klub rəhbərliyi “sambaçı”nı transferə çıxardı. Lakin “zolaqlılar”la müqaviləsi olduğundan Jabaya yaxın duran tapılmadı.

Əslində, futbolçu özü də harasa getmək niyyətində deyildi. Klub prezidenti ilə münasibətləri əla olan futbolçu sonda komandaya döndü. Ancaq baş məşqçinin göstərişi ilə əsas yox, əvəzedici heyətdə forma geyindi. Ötən mövsüm çempion olan, cari yarışda isə autsayder rolunda çıxış edən “Bakı”nın əvəzedicilərdə vurduğu qollarla diqqəti cəlb edən braziliyalı, nəhayət baş məşqçi tərəfindən əsas komandaya cəlb edildi. O, hətta yığmanın oyunu ilə əlaqədar yaranmış fasilə zamanı keçirilən yoldaşlıq matçında qol da vurdu: “Qol vurmaqla hazır olduğunu sübut edə bilməzsən, bu, mümkün deyil. Mən əvvəldən hazır idim və baş məşqçinin qərarını gözləyirdim”.

Artıq Starkovla təkbətək söhbət də edən Jaba ondan təlimat alıb: “Starkov mənə inandığını dedi. Bu gedişlə komandadakı yerimi bərpa edəcəyimi gözləyir. O, mənə dedi ki, Jaba olduğunu meydanda göstərməlisən. Bunun üçün şans verəcəyini deyib”.

Futbolçu “Bakı”nın qeyri-sabit çıxışı haqda da danışmağı unutmadı. O, çətin günlərin arxada qaldığını düşünür: “İndi komanda daha yaxşı oynayır. Növbəti matç dönüş nöqtəsi olacaq. Daha biz bir oyun udub, digərində uduzmayacağıq. “Bakı” sözünü deyəcək”.
0