Uğursuz dekabr
05.12.2011 - 11:02
Uğursuz dekabr
“Xəzər Lənkəran” 2011-ci ildə öz meydanında ilk məğlubiyyətini aldı. Apasport.az saytının hesablamalarına görə, cənub təmsilçisi 346 gündən sonra evdə uduzdu. Bu, Premyer Liqanın XV turu çərçivəsində keçirilmiş “İnter”lə oyunda (0:1) reallaşdı.

Maraqlıdır ki, “ağ-yaşıllar” bunadək doğma arenada sonuncu dəfə də dekabrda yenilmişdi. Komanda ötən mövsümün XIX turu çərçivəsində dekabrın 23-də “Qarabağ”a boyun əymişdi – 1:2. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik ötən ilin iyulundan rəhbərlik etdiyi komandada ilk ev məğlubiyyətini həmin matçda aldı. Ancaq onda qış fasiləsi başladığından ilə yekun vuruldusa, indi bunun gerçəkləşməyi üçün hələ 4 tur var. Cənubluların bu il “Qarabağ” və “Bakı” ilə ev oyunları qalıb ki, bunun birincisi elə növbəti turda olacaq.

Rednik məhz “İnter”lə matç öncəsi “Xəzər Lənkəran”da oyun sayını 55-ə çatdırmaqla, 2-ci yerə çıxmışdı. Bunun 2-də evdə uduzan rumıniyalı mütəxəssisə şəxsi göstəricilərini yaxşılaşdırmaq düşərli olmadı.

Belə ki, “İnter”ə məğlubiyyət onun istefaya göndərilməyi ilə nəticələndi. “Xəzər Lənkəran” bu il Rednikin rəhbərliyi altında öz meydanında çempionatdan başqa Azərbaycan kubokunun və Avroliqanın oyununu keçirsə də, yenilməmişdi.

Qeyd edək ki, lənkəranlılar qələbəsiz seriyasını 4-ə çatdırıb. Həmin matçda cəmi 2 xal yığan komanda 1 aydan çoxdur qalib gələ bilmir. Nəticədə əvvəlcə liderliyi “Neftçi”yə, ardından 2-ci pilləni “İnter”ə təhvil verən “Xəzər Lənkəran” artıq turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Mehman SÜLEYMANOV