Poladov: Məşq, məşq yenə də məşq
11.12.2011 - 15:19
Poladov: Məşq, məşq yenə də məşq
“Bildiyiniz kimi, ciddi zədədən sonra artıq bərpa prosesi demək olar ki, başa çatıb. Ötən oyunda adım onsəkkizliyə daxil edilmişdi. Hazırda komanda ilə birgə məşqlərə də qatılıram”.

Bu sözləri apasport.az saytına açıqlamasında Gəncənin “Kəpəz” klubunun əsas qapıçısı Elşən Poladov deyib.

Məşqlərin birində ciddi zədələndiyinə görə, oyunlara çıxa bilməyən Poladov yerini legioner Konistantin Kolesnikova təhvil verib. Amma Elşən hesab edir ki, iradəsi sayəsində əvvəlki mövqeyini bərpa edə biləcək: “Sözsüz ki, uzun müddət oynamadım. Amma zədə elə bir şeydir ki, hər bir futbolçunun başına gələ bilər. Əgər iradən varsa, öz yerini qaytarmaq üçün çalışmalısan. Mənim məqsədim budur ki, yenə də qapıda durum. Oynamağa hazır olduğumu deməliyəm. Amma heyəti qurmaq baş məşqçinin əlindədir. Mənim oynayıb oynamayacağıma o qərar verəcək. Mənə məşq etmək, məşq etmək, yenə də məşq etmək qalır”.