“Neftçi” – ötən ilki uğurun bir addımlığında!
15.12.2011 - 00:02
“Neftçi” – ötən ilki uğurun bir addımlığında!
Premyer Liqanın XVII turu qış çempionunun adına aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, vahid lider “Neftçi” 2 aylıq fasiləyə zirvədə yollanmasını sona 1 tur qalmış rəsmiləşdirmək imkanına malikdir.

Bu, XVII tura yekun vuracaq “İnter” – “Neftçi” matçının nəticəsindən sonra dəqiqləşəcək. “Şəfa” stadionunda cari mövsümdə ən çox qol vuran (“Neftçi”, 34) və ən azı qol buraxan (“İnter”, 8) komanda görüşəcək. “Bankirlər”in “Bakı” ilə oyunda 0:3 hesablı texniki məğlubiyyət aldığını nəzərə alsaq, 5 qol buraxdığını görmək mümkündür.

“Ağ-qaralar” ən yaxın izləyicisi, 4 xal qabaqladığı “İnter”ə qalib gələrsə, digər görüşlərin nəticəsindən asılı olmayaraq, qış çempionu adını qazanacaq. Ancaq hesabında 34 xal olan “Neftçi” heç-heçə etsə belə, buna nail ola bilər.

Bu halda, “İnter”lə 4 xallıq fərqi qalacaq ki, həmşəhərliləri qış fasiləsinə kimi ona çata bilməyəcək. 29 xalla 3-cü pillədə gedən “Xəzər Lənkəran”ın da qış çempionu olmaq şansı var. Bunun üçün cənub təmsilçisi bu ilin son 2 qarşılaşmasında səfərdə “Kəpəz”ə, evdə “Bakı”ya gəlib, ilk 2 pillədə qərarlaşan paytaxt təmsilçilərinin büdrəyəcəyinə ümid etməlidir.

Ancaq əgər “Xəzər Lənkəran” dekabrın 16-da Gəncədə qalib gələ bilməzsə, və ertəsi “Şəfa”da heç-heçə qeydə alınarsa, “Neftçi” artıq əlçatmaz olacaq.

Çempion “İnter”lə “Xəzər Lənkəran”ın növbəti turda qalib gələcəyi halda belə, zirvədə qalacaq və yenə hər şey özündən asılı olacaq. Çünki “Neftçi” ən yaxın izləyicisini 1 xal qabaqlayacaq. Ancaq təbii ki, bu halda ilk “üçlüy”ün qış çempionluğu uğrunda mübarizəsi gərginləşəcək. Lider bu ilin son matçında “Kəpəz”i qəbul edəcək, “İnter” “Simurq”un qonağı olacaq.

Premyer Liqada qış fasiləsi dekabrın 21-də yaranacaq və fevralın 10-a kimi davam edəcək.

Qeyd edək ki, “Neftçi” qızıl medal qazandığı ötən mövsümün qış çempionu olmuşdu.

Mehman SÜLEYMANOV